ramadan
sozlerden-renglere-sergisi-kecirilecek-giris-serbestdir
Müəllif: Publisist.az /Tarix: 2025-03-02 /Oxunma Sayı: 143

“Sözlərdən rənglərə” sərgisi keçiriləcək - Giriş sərbəstdir

 İncəsənət danışır!

"Sözlərdən rənglərə" sərgisi gəlir... İnanırıq ki, sənət yalnız məhdud çevrələrdə deyil, insanlarla birlikdə yaşamalıdır. Ötənilki sərgimizdən sonra gördük ki, yaradıcı insanlar daha geniş auditoriyaya çıxmalıdır. Biz də son bir ildə fəaliyyətimizi bu istiqamətdə qurduq. İndi isə yeni sərgimizi elan edirik.

6 Mart tarixində sizi rəssamların əsərləri və özləri ilə görüşə dəvət edirik. "Sözlərdən rənglərə" sərgisi sənətin gücünü sözlərdən çıxararaq, rənglərlə danışmağı hədəfləyir. Yerli rəssamları kəşf etmək, onların sənətinə şahid olmaq və real ünsiyyət qurmaq istəyirsinizsə, bu sərgi sizin üçündür!

Məkan: XG Cafe (H.Əliyev Sarayının arxası)
Əlaqə: 070 353 05 12

“Sözlərdən rənglərə” sərgisində iştirak edəcək rəssamlardan biri Günel Ravilovadır. O, Mixail Bulqakovun məşhur “Master və Marqarita” əsərini özünəməxsus bədii ifadə ilə çatdırıb. Bu əsər, romanın mistik qatlarını rənglərin və formaların dili ilə əks etdirir.

“Master və Marqarita” rus ədəbiyyatının ən sürreal və dərin mətnlərindən biridir. Günel Ravilova bu əsərin gücünü, sirli atmosferini və personajların daxili aləmini ifadə edir. Əsərdə reallıq və sürreallıq arasında sərhədlərin itməsi romanın da əsas mesajlarından biridir.

“Sözlərdən rənglərə” sərgisində iştirak edəcək rəssamlardan birini də açıqlayırıq: Raul Hüseynov. O, Lev Tolstoyun və ümumiyyətlə dünya ədəbiyyatının ən məşhur romanlarından biri olan “Anna Karenina” əsərini özünəməxsus bədii ifadə ilə çatdırıb. Raul Hüseynov sərgidə iki əsərlə iştirak edəcək. Onun bu əsərləri romanda bizə çatdırılan seçimlər onların nəticələrini özünəməxsus şəkildə əks etdirir.

Raul Hüseynov Anna Kareninanın daxili dünyasını xüsusi öz üslubu ilə ifadə edir.

“Sözlərdən rənglərə” sərgisində iştirak edəcək digər rəssam Billurə Ələkbərlidir. O, dünya ədəbiyyatının ən məşhur, həm də psixologiya sahəsində çalışanların ən sevdiyi romanlardan biri olan “Karamazov qardaşları” əsərini öz üslubu ilə sizə çatdıracaq. Fyodor Dostoyevski "Karamazov qardaşları" romanı ilə sadəcə bir ailədə yox, ümumiyyətlə, cəmiyyətdə qarşılaşdığımız obrazları bizə təqdim edir. Əxlaqi sorğulamalar, din, fərdi azadlıq - hamısı bu əsərdə işlənib.

Billurə Ələkbərli "Karamazov qardaşları"nda Dostoyevskinin bizə ədəbiyyatla çatdırmaq istədiyi fikirləri, hiss etdirdiyi emosiyaları öz bədii üslubu ilə çatdırır.

 “Sözlərdən rənglərə” sərgisində iştirak edəcək digər rəssam Mir Azər Abdullayevdir. O, dünya ədəbiyyatının ən məşhur suallarından birini öz əsəri ilə yenidən verəcək: Olum, ya ölüm?

Oxucu Şekspirin "Hamlet" faciəsi ilə xəyanət, intiqam, əxlaqi dilemmalar qarşısında qalır, insan mənəviyyatının dərinliklərinə enir, sanki əsərin içinə girib, Hamletin qərarlarının nəticələri duyur. Mir Azər Abdullayev isə "Hamlet"i özünəməxsus üslubda şərh edib: "Bu dünyada hər insanın bir alması var. Alma - arzunun simvoludur. Əsərdə almaların birləşdiyi an Hamletin bu fani dünyanın qəddar qanununu bir daha dərk etməsidir", - deyir.

 “Sözlərdən rənglərə” sərgisində iştirak edəcək digər rəssam Saadat Abadovadır. O, Şərq ədəbiyyatının ən təsirli suallarından birini öz əsəri ilə yenidən verəcək: Eşq insanı azad edir, yoxsa məhkum?

Oxucu Füzulinin “Leyli və Məcnun” poeması ilə məhəbbətin və mənəvi iztirabın sərhədlərini aşır, insan ruhunun ali həqiqətə can atmasını izləyir. Səadət Abadova isə bu əsəri özünəməxsus üslubda şərh edib.

 “Sözlərdən rənglərə” sərgisində iştirak edəcək digər rəssam Ulker Aliyevadır. O, həmçinin sənətşünasdır. O öz əsəri ilə ənənəvi gözəllik anlayışına yeni baxış gətirəcək.

Oxucu Nizaminin “Yeddi gözəl” poeması ilə gözəllik və hikmətin sərhədlərini aşır, insan ruhunun kamilliyə və taleyin sirrlərinə doğru yolunu izləyir. Ülkər Əliyeva isə bu əsəri özünəməxsus üslubda şərh edib.

 “Sözlərdən rənglərə” sərgisində iştirak edəcək növbəti rəssam Abbas Məmmədovdur. Abbas Məmmədovun üslubu realizmdir. “Qar Kraliçası” nağılında hadisələri necə təsvir edəcək? Bu bizə də maraqlıdır.

“Qar Kraliçası” nağılı soyuq və istilik, məntiq və qəlb, dostluq və qurban anlayışlarının sərhədlərini aşaraq, insan ruhunun saf sevgi və iradə ilə necə böyüdüyünü izləyir. Abbas Məmmədov isə bu klassik nağılı özünəməxsus üslubda şərh edib.

“Sözlərdən rənglərə” sərgisində iştirak edəcək növbəti rəssam Reyhan Aslanovadır. O, təkcə ədəbiyyatın deyil, həm də fəlsəfənin və digər incəsənət sahələri üçün ilham mənbəyinə çevrilən "İlahi komediya"nı öz şərhi ilə təqdim edəcək. Dante Aligyerinin səyahət etdiyi yerlərə Reyhan Aslanovanın baxışı ilə yenidən səyahət edəcəyik.

"İlahi komediya" təkcə axirət səyahəti deyil, həm də insan ruhunun özünü tanıma, günahdan arınma və həqiqətə çatma yoludur. Bu əsərdə Cəhənnəm, Təmizlənmə Dağı və Cənnət yalnız metafizik məkanlar deyil, həm də insanın mənəvi vəziyyətlərinin simvoludur. Reyhan Aslanovanın bu əsəri şərh etməsi isə olduqca maraqlıdır.

 “Sözlərdən rənglərə” sərgisində iştirak edəcək daha bir rəssamı açıqlayırıq: Xanlar Asadullayev. O, yapon ədəbiyyatının qeyri-adi üslubla yazılmış əsərinin qəhrəmanını öz fırçası ilə təqdim edir. "Yastıq kitabı" mövzu baxımından sərbəst və qeyri-ənənəvi üslubda yazılıb. Burada rəsmi tarix və ya klassik dastanlardan fərqli olaraq, şəxsi düşüncələr, zarafatlar və anekdotlar yer alır.

Kitabın müəllifi Yaponiyada Heian dövründə imperatriça Teşinin xidmətində olan saray xanımı Sei Şonagondur. Bu, saray həyatı haqqında unikal təsvirlər təqdim edən bir gündəlik-memuardır. Xanlar Əsədullayev isə özünəməxsus üslubda yazılmış kitabın müəllifi olan yapon saray xanımını özünəməxsus bir üslubla təqdim edir.

“Sözlərdən rənglərə” sərgisində iştirak edəcək digər rəssam Sahib Yaqubovdur. O, İmadəddin Nəsiminin "Qafil oyan" qəzəlini özünəməxsus şəkildə şərh edərək, "Dərvişlərin rəqsi" əsəri ilə sərgiyə qatılacaq.

"Qafil oyan" insanın ruhani səviyyədə yüksəlməsi üçün çağırışdır. İnsanlar illüziyalara aldanaraq həqiqəti görmürlər və yalnız "oyanmaqla" həqiqi varlıq səviyyəsinə çata bilərlər. Dərvişlərin rəqsi isə bir növ ibadətdir. Rəqs metafizik mənada məstlik və ilahi eşqlə dolmaq anlamına gəlir. O burada formalar və qaydalara bağlı deyil, daha çox coşqun bir ekstaz halını ifadə edir. Rəqs, Tanrı ilə insan arasındakı qovuşmanın bir anıdır. Bu anın içində fərdilik əriyir, "mən" yox olur və yalnız "O" qalır. Sahib Yaqubov da bu halı, yaxud bu hala gedən yolu özünəməxsus üslubda izləyiciyə çatdırır.

“Sözlərdən rənglərə” sərgisində iştirak edəcək digər rəssam Xədicə Məmmədzadədir. O, Şərqlə Qərbi özündə birləşdirən, həm də bu iki dünya arasındakı fərqləri göstərən “Əli və Nino” əsərini şərh edib. Qurban Səid imzası ilə nəşr olunan “Əli və Nino” Şərq ənənələri ilə böyüdülmüş Əli ilə Qərb mədəniyyətinə bağlı Ninonun eşq hekayəsidir. Onların qarşılaşması sadəcə iki fərdin deyil, iki dünyanın qarşılaşmasıdır. Ancaq əsər həm də dövrün siyasi çalxantılarını, Azərbaycan Xalq Cümhuriyyətinin qurulma arzularını özündə ehtiva edir.

Müəllifinin kim olduğu hələ də dəqiq bilinməyən, amma bu günə qədər 33 dildə çap edilmiş “Əli və Nino” romanına “Sözlərdən rənglərə” sərgisində bir də Xədicə Məmmədzadənin fırçasından baxa biləcəksiniz.

 “Sözlərdən rənglərə” sərgisində iştirak edəcək digər rəssam Könül Rəfiyevadır. O, Lü Sısinin “Qaranlıq meşə” romanını özünəməxsus şərhi ilə təqdim edir. “Qaranlıq meşə” nəzəriyyəsinə görə, kainat sonsuz bir meşə kimidir və burada hər sivilizasiya səssiz qalmalıdır. Səsini çıxaran məhv ola bilər. Könül Rəfiyeva da rəsmi ilə naməlumun içində gizlənən bir təhlükə və sakitliyin arxasındakı gərginliyi, ölümün gətirəciyi qan izlərini təsvir edir.

L.Sısin optimist kosmik sivilizasiya konsepsiyalarına meydan oxuyur və oxucunu kainatın amansız reallıqları üzərində düşünməyə vadar edir. Könül Rəfiyeva isə bu amansızlığı bütün aspektləri ilə göstərir.

“Sözlərdən rənglərə” sərgisində iştirak edəcək digər rəssam Sevinc Gəncəliyevadır. O, Salam Qədirzadənin "Kəndimizdə bir gözəl var" romanından ilhamlanaraq çəkdiyi "Adı Leyladır onun..." əsəri ilə sərgiyə qatılır. S.Qədirzadə oxucunu "Leyla gözəldir, yoxsa yox" sualı qarşısında qoysa da, Sevinc Gəncəliyeva onu bizə göstərəcək.

Leyla zahiri gözəlliklə bağlı cəmiyyətin münasibətini, kollektiv düşüncə tərzini və insanların qavrayışındakı şişirtməni ifşa edən bir simvol kimi çıxış edir. Sevinc Gəncəliyeva isə "Adı Leyladır onun..." əsəri ilə bu romanı özünəməxsus şəkildə şərh edir.

 “Sözlərdən rənglərə” sərgisində heykəltəraş Adil Turan da iştirak edəcək. O, Çarlz Bukovskinin "Mavi quş" şeirindən ilhamlanaraq "Blue bird" əsərini hazırlayıb. Adil Turan öz işini belə təsvir edir: belə gözəl misralar yaza bilənə qısqanclıq hissi, bu şeri üstələyə bilməməkdə çarəsizlik, yaradıcı zəif olduğumu qəbullanmaq, gil ilə bu işi hazırlayıb həmin şeirə aid olmaq illüziyasından aldığım təsəlli, gördüyümü göstərə biləcəyimə ümid...

Mavi quş metafor olaraq, sənətin, həssaslığın və ürəyin simvoludur - bir insanın öz daxili həyatına duyduğu dərin sevgi və qorxu... Şeir içindəki həssaslıqla münasibət qurmaq və ona sahib olmaq istəyinin ifadəsidir, amma bu arzu cəmiyyətin sərt və tələbkar normativlərindən dolayı sıxışdırılmış və gizli qalır.

“Sözlərdən rənglərə” sərgisində iştirak edəcək digər rəssam Fatimə Babazadədir. O, Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povestindən ilhamlanaraq "Nəfs" əsərini çəkib və Əbdürrəhim bəyin povestini özünəməxsus şəkildə şərh edib. Əsərdə Xortdan o biri dünyadan geri dönərək, insanlığın heç bir dərs almadığını görür – rüşvət, nadanlıq, tamah, ədalətsizlik hələ də hökm sürür. Əsərin satirik ruhu əslində bir güzgü rolunu oynayır: keçmişin qaranlığı ilə bugünün işığını qarşılaşdırır, amma bu işıq həqiqətənmi var? Yoxsa insan öz nəfsinin kölgəsində qalaraq, həqiqəti görməkdən imtina edir?

Fatimə Babazadənin “Nəfs” əsəri də bu sualın ətrafında dolaşır. Xortdan kimi insanın içindəki bitib-tükənməyən istəkləri, tamahı və daxili mübarizəni əks etdirir. Bəlkə də bu rəsmdəki varlıq cəhənnəmdən gələn xortdan deyil, insanın öz içindəki qorxulu məfhumdur.


Sərgidə görüşənədək!

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur