terterin-talis-kendinde-konsert-tamasa-numayis-olunub
Müəllif: Publisist.az /Tarix: 2023-05-09 /Oxunma Sayı: 241

Tərtərin Talış kəndində konsert-tamaşa nümayiş olunub

Azərbaycan Dövlət Kukla Teatrı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində konsert-tamaşa nümayiş olunub. Tədbir teatrın “Heydər Əliyev İli” və peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kuklaçılar talışlı teatrsevərlər qarşısında repertuarlarındakı maraqlı nümunələrdən biri - “Şəngülüm, Məngülüm” tamaşası ilə çıxış ediblər.

Görkəmli şair Mikayıl Müşfiqin məşhur mənzum nağılı əsasında hazırlanan mono kukla tamaşasının rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Elza Seyidcahandır.

Teatrın aparıcı aktrisası Ülviyyə Əliyeva bu tamaşada canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında da tamaşaçı qarşısına çıxıb.

Qastrolda teatrın aktyor truppası ilə yanaşı teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının vokalçıları da geniş konsert proqramlı ilə çıxış ediblər. Bu mənada tədbiri studiyanın hesabat konserti də saymaq olar.

Xatırladaq ki, bu kuklaçıların Talış kəndinə ikinci səfəridir. Onlar Talış kəndində keçirilən ilk Novruz şənliklərində də böyük heyətlə iştirak etmişdilər. Ümumilikdə istər teatrın aktyor truppası, istərsə də studiyanın yetirmələri mütəmadi işğaldan azad olunmuş və yaşayışın qismən bərpa olunduğu ərazilərdə təşkil edilən tədbirlə qatılırlar.

Mənbə: https://azertag.az/ 

 

 

 

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur