Allaha 2783 əmanət. İkinci Vətən Müharibəsində şəhid olan igidlərimizin və Mayor Asiman Əliyevin xatirəsinə həsr olunur...
Qəhrəman geniş işıqlı otaqda göz qapaqlarını ağır-ağır qaldırdı. Hər tərəfi bulanıq görürdü. Otağa dolan günəş şüalarından günorta saatları olduğu görünürdü. Hərəkət etmək istədi amma bütün bədəni sızıldayırdı. Yenidən gözünü yumaraq özünü toplamağa cəhd etdi. Halsızlıq, baş ağrısı bir birini üstələyir. Nə baş verir axı? Niyə buradadır? Gözünü açıb ətrafına diqqətlə baxdı. Onunla eyni otaqda bir neçə nəfər də vardı. Amma hamısı yatırdı. Yastıqdan azacıq dikəldi, qolunda sistem var idi, ayağının sarğıda olması da onu təəccübləndirdi. elə bu an xəstələri müayinəyə gələn tibb bacısı qapıda göründü, vecsiz bir nəzər yetirdi. Vaay ayılmısan, Qəhrəman. "Gözlə həkimi çağırım" deyib geri qayıtdı.
Tibb bacısı ona "ayılmısan" dedi. Deməli yatırdı, amma neçə gün idi? Bunu dəqiqləşdirmək istədi və yadına telefonu düşdü. Sağındakı balaca komodun ilk gözünü açmaq üçün əyildi. Tərpənmək çox ağırlı idi elə bil 1 ildi hərəkətsiz qalıb. Aha, bütün əşyaları buradadır: telefonu, saatı, pul qabısı. Əyilib çətinliklə telefonu götürdü, sönülü idi. Açdı, yenə arxaya yaslandı. Yaddaşını bərpa eləməyə çalışırdı. Axırıncı dəfə hansı günü xatırlayır? Heç birini. Ailəsini görməyi elə arzulayırdı ki... Yaddaşsızlıqdan yaranan stress onu getdikcə daha da əzirdi. Açılmış telefonu əlinə götürdü, ekranda tarix 25 noyabrı göstərir. Atasının nömrəsini açdı əlaqə saxlamaq istədi, amma xətti bağlanmışdı. Elə bu an otağa qayıdan tibb bacısından "wifi" kodunu soruşmaq üçün boylandı. Qadın telefonla danışırdı: "Sevda xanım xahiş edirəm reanimasiya şöbəsinə qalxasınız. Ümid doktor burada deyil. Şuşaya göndərilib. komadan ayılan xəstə var müayinə etmək lazımdır."
Şuşaya? Bu qadın nə sayıqlayır? Mən hələ də tam ayılmamışam. Yəqin mənə narkoz vurulub, ilahi, bir az yatıb dincəlməliyəm.
Tibb bacısı telefonu söndürüb əlindəki kapsulu şprisə çəkə-çəkə danışırdı.
- Özünü necə hiss edirsən? yaddaşın yerindədi? Kim olduğunu xatırlayırsan? Beynini çox yorma.
Tibb bacısı istehza ilə vurğuladı:
- sən bu klinikanın özəl pasiyentisən axı.. müailcən üçün o qədər pul ödəyiblər. Ailənə xəbər eləmişəm indilərdə gələcəklər.
- Mən haçandan buradayam?
- 2 ay olar
Qəhrəmanın gözləri bərələ qaldı. Beynindəki bütün suallara bir anda cavab tapmaq istədi.
- Bu ola bilməz. Mən niyə axı buradayam? Nə baş verdi ki mən bura düşdüm? Ayağım niyə sarğıdadı?
- Bir az sakit ol və qolunu da tərpətmə sistemi dəyişim. Səhv eləmirəmsə, səni bura 26 sentyabrda gətiriblər, qəzaya düşüb ayağından və başından zədə almısan. Yolu keçərkən diqqətsizliyindən özünü də camaatı da bədbəxt eləmisən. Səni vuranın ailəsi 2 aydı buralardan yığışmır, anandan daha çox gəlib ayılıb-ayılmadığını yoxlayırlar.
Qəhrəman eşitdiklrəini dəqiqləşdirmək istəyirdi. Vaxtın nə qədər çox keçməsini ən yaxşı halda sosial şəbəkələrdən öyrənə bilərdi.
- Mənə wifi kodunu verə bilərsən?
- Telefonu ver görüm
Tibb bacısı kodu yazaraq telefonu qaytarıb vecsiz halda otaqdan çıxdı.
Qəhrəman sosial hesabını açdı gözünə inanmadı və beyninin ard-arda necə yandığını, ürəyinin şiddətli döyüntüsünü hiss etdi.Şok üstünə şok yaşayırdı 2 aydı daxil olmadığı hesabının tarixi xəbər axınında ard-arda yenilənirdi: "27 sentyabr cəbhəboyu ərazilərdə ermənilərin yaratdığı təxribat, mülki şəxslərin və hərbi qulluqçuların həyatını itirməsi ilə başlayan müharibə, Azərbaycan ordusunun əks-hücuma keçməsi, şəhidlər, Gəncə terroru, Mingəçevir, yenə Gəncə vuruldu, Bərdəyə atılan kaset bombaları, prezidentin çıxışları, yenə şəhidlər, yenə şəhid, qazilər, qəhrəman əsgərlər, dastana dönən Xudayar, iki şəhid anası, həyat yoldaşının tabutunu çiynində daşıyan qadın, xalqın cəbhəyə yardım və ianələri və nəticədə Cəbrayıl geri döndü, Füzili bizimdi, Zəngilan alındı, Qubadlı.... 8 noyabr Şuşa sən azadsan. Düşmən kapitulyasiya aktını imzaladı. Laçın, Kəlbəcər qan tökülmədən qayıdacaq. Sülhməramlılar daxil olacaq və 10 noyabr müharibə bitdi...
Ürəyi az qala ağzından çıxacaqdı Qanının sürətlə dövran etməsini bütün damarlarında hiss edirdi. Cəmi 2 ay yatıb amma yatsa yuxusuna girməyəcəyi hadisələr baş verib. Qarabağ geri dönüb... 2783 şəhid bütün Azərbaycan xalqını ruhlarına borclu edib gedib.
Xəbər lentindəki videoda donub qalır. Bu ki, onun mayor qonşusudu. 1 yaşlı körpə qara göz oğlunu qucağına alıb öpür , qızlarını tumarlayır daha heç görməyəcək kimi Allaha əmanət edir. Özü də bu torpağa əmanət olan 2783 igiddən biri olaraq Allahın dərgahına yollanır.
Qəhrəmanın yaddaşı bir andaca bərpa olur, indi hər şeyi xatırlayır, hər şeyi.... Səhər işə çatmaq üçün tələsik evdən çıxdığını, maşından düşüb yolu keçmək istədiyini, piyada keçidi olmadığı halda yola necə atıldığını.... Elə o günlərdə ehtiyatda olan əsgər və zabitlərin təlimlərə yığıldığını, könüllülərin cəbhəyə yazılmaq üçün hərbi komissarlıqda növbəyə düzülməsini və s... 90 -cı illərdə mübarizə ruhunu itirən xalqın nümayəndəsi olaraq heç bir zaman özündə müharibədə iştirak etmək əzmi tapmamışdı. Hətta "mən əsgər gedəcəm müharibə də başlayacaq" deyən 18 yaşlı xalası oğluna da ağılsız uşaq kimi baxdığını xatırlayırdı. Amma bir şeyi xatırlaya bilmirdi, onun adını niyə Qəhrəman qoymuşdular?...