Bu gün Azərbaycanın görkəmli sənətkarı, tanınmış teatr və kino aktyoru, Xalq artisti Əli Zeynalovun anadan olmasının 110 illik yubileyi tamam olur.
Əli Yusif oğlu Zeynalov 1913 - cü il aprelin 4-də Salyanda anadan olub. Ə.Zeynalov 1933- cü ildə Teatr Texnikumunu bitirdikdən sonra bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib. Geri döndükdə Şəki Dövlət Dram Teatrında işləyib.
O, 1934 – 1935 - ci illərdə İrəvan Teatrında , 1945 – 1975 - ci illərdə isə Akademik Dram Teatrında çalışıb. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. O, bir müddət İncəsənət İnstitutunda "səhnə danışığı" fənnini tədris edib.
O, Uilyam Şekspirin “Hamlet”, Viktor Hüqonun “Mariya Tüdor”, Lev Tolstoyun “Canlı meyit”, Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Şeyx Sənan”, Raffaele Vivianinin “Çarəsiz dələduz”, Nazim Hikmətin “Qəribə adam”, Mirzə İbrahimovun “Kəndçi qızı”, Abdulla Şaiqin “Nüşabə”, Sabit Rəhmanın “Küləklər”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” və bir sıra digər əsərlərdə Klavdi, Hilbert, Protasov, Dövlət bəy, Şeyx Sənan, Raffale Konti, Əhməd Rza, Rəşid, Uluq bəy, Rəşid Məğrur, Qədim bəy rollarını uğurla ifa edib.
Yaradıcılığı bilavasitə teatrla bağlı olan sənətkar “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Məhəbbət dastanı”, “Birisi gün gecə yarısı”, “Ömrün akkordları” və s. bədii filmlərdə İmamzadə, Simnar xan, Şeyx Həşim, Şah, Həsən bəy Zərdabi rollarını canlandırıb.
Aktyor 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1964-cü ildə isə Xalq artisti fəxri adlarıına layiq görülüb.
Xalq artisti Əli Zeynalov 1988-ci il yanvarın 4-də dünyasını dəyişib.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondundan sənətkarın yaradıcılığına dair bir neçə eksponatı diqqətinizə təqdim edirik.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur