susanin-geyim-medeniyyeti
Müəllif: Samirə Behbudqızı /Tarix: 2023-03-15 /Oxunma Sayı: 456

ŞUŞANIN GEYİM MƏDƏNİYYƏTİ

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın geyim mədəniyyəti, təbii ki, özəl gözəlliyi ilə seçilir. Ümumi və konkret danışsaq, deyə bilərik ki, məmləkətimizin hər bir bölgəsinin özünəxas geyim mədəniyyəti vardır. Şuşanın geyim mədəniyyətindən bəhs etməyə başlarkən əlbəttə ki bu qala-şəhərin sakinlərinin geyim zövqlərini ümumən Qarabağ ərazisi kontekstində nəzərdən keçirməliyik.

Tarix

Geyim mədəniyyətinin başlanğıcı eramızdan əvvəl 40-25-ci minnilliklərə gedib-çıxır. Dünyanın maddi-mədəniyyət nümunələrinin tapıldığı məkanlardan biri də bəlli olduğu kimi Azərbaycan Respublikasının Füzuli rayonu ərazisində yerləşən Azıx mağarasıdır. Qafqazın ən çox əhaliyə malik rayonlarından Qarabağ olmuşdur. Bu isə bölgənin sakinlərinin geyim mədəniyyəti anlayışı ilə erkən tanışlığı anlamına gəlir. Müxtəlif vaxtlarda arxeoloji qazıntılar nəticəsində  ərazilərimizdən tapılan və bəşər tarixinin ilkin dövrlərinə aid edilən geyim elementləri bunun əyani sübutudur. Azərbaycan milli geyim anlayışı XVIII əsrdə formalaşmağa başlayıb.

Danışan parçalar

Qarabağın tacı hesab edilən Şuşa şəhərində bəzzazlıq sənəti (pambıq parça toxuculuğu) Gəncə, Naxçıvan, Ordubad və Şamaxı şəhərləri ilə bir sırada olmuşdur. 1889-cu ildə Tiflisdə keçirilən kənd təsərrüfatı sərgisində isə Qarabağ karxana ipəyi qızıl medala layiq görülmüşdü. Qarabağda bəhs olunan dövrdə hasilə gətirilən mov, darayı, qəsabə, qanovuz, çarqat, aloyşa və müxtəlif çeşidli ipək parçalar əhali arasında o dərəcədə geniş yayılmışdı ki, hətta onlara tekstil xüsusiyyətlərinə görə adlar da verilmişdi: «alışdım, yandım», «hacı, mənə bax!», «dur, məni gəzdir», «küçə mənə dar gəlir», «qonşu bağrı çatladan», «gecə-gündüz», «ay-ulduz», «sürüşdüm-düşdüm», «pinti məni geyinməz», «dəymə, gülüm tökülər» və s.

Geyimə yaradıcı münasibət

XVI əsrdə Azərbaycanın dəb mərkəzi Təbriz idisə, XVIII əsrdə bu missiyanı Şuşa öz üzərinə götürmüşdü. XIX əsrin 40-cı illərindən Şuşada çoxlu papaqçı və başmaqçı çalışmışdır. Bu dövrdə Azərbaycanın, eləcə də Qarabağın ticarət və sənət mərkəzi olan Şuşa şəhəri sürətlə böyümüş, əhalisinin sayının artması ilə əlaqədar olaraq burada fəaliyyət göstərən sənətkarların sayı da çoxalmışdır.
Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin ənənəvi xalq geyimləri və bəzəkləri rəng harmoniyası, biçim gözəlliyi, simmetriya, geyimi daşıma zövqü, bəzəklərin çoxçeşidliliyi baxımından fərqlənmiş, zaman-zaman əhalinin artan tələbatına uyğunlaşdırılmış, yeni keyfiyyət çalarları əxz etmişdir. Qarabağın ənənəvi xalq geyimləri XX əsrin 30-50-ci illərinə qədər əhalinin istifadəsində olmuş, sonralar tədricən məişətdən aktuallığını itirmiş və muzey eksponatlarına çevrilmişdir. XIX-XX əsrin əvvəllərində bu milli libaslar özünün son təkmilləşmə mərhələsinə çatmışdır. Qədim dünyanın demək olar bütün məmləkət və şəhərlərində olduğu kimi şuşalıların da geyimlərinin fasonu, rəngi və forması onun sahibinin peşəsindən, yaxud mövqeyindən, həmçinin getdiyi yerdən (toy, yas, bayram və s.) asılı olaraq fərqlənə bilirdi.

Şuşalı qadınlar

Səhər dura sürmə çəkə gözünə,

Birçəklərin həlqə qoya üzünə,

Cilvələnə, sığal verə özünə,

İşi, gücü gülüb-oynamaq ola.

(Molla Pənah Vaqif )

Şuşa qadınlarının geyimləri rənginin zənginliyi, biçiminin müxtəlifliyi ilə fərqlənirdi. Köhnə Şuşada  üst geyimi, adətən, zərxara, qumaş, məxmər, satin, atlas, ipək kımı bahalı yerli və gətirilmə parçalardan tikilirdi. Görünür, bununla əlaqədardır ki, hətta varlı ailələrdə arxalıq, kurdu, çəpkən kimi üst geyimləri uzun illər geyilirdi. Xanımların üst geyimin altından geyindikləri köynəklər çəhrəyı və ya qırmızı ipək, ya da yüngül parçadan tikilirdi.
Yaşlı qadınlar tutqun rənglərə üstünlük verirdilər. Yaxaya və qollara qaytanla haşiyə vurulurdu. Şuşa gözəllərinin qarderoblarının əsas elementlərindən biri zərxara, xara, məxmər, ay-ulduz və sair bahalı möhkəm parçalardan tikilmiş gödək arxalıq idi. Köhnə Şuşada evdə toxunmuş ipək donlardan da istifadə olunurdu. Şuşa arxalığının fərqləndirici xüsusiyyəti düzbucaqlı kəsik idi. Arxalığın qolları dirsəklərə qədər dar, dirsəkdən aşağı konusvari aralanırdı. Paltarın sinəsinin açıq hissəsinə və qolların köbələrinə dekorativ baftalarla və qatmalarla haşiyə vurulurdu. Baftalara çox vaxt qızıl, ya da gümüş bəzəklər, yaxud sikkələr bərkidilirdi. Şuşa qadınları bir-birinin üstündən bir neçə üst tumanı geyirdilər. Tumanların sayı 8-10 ədəd olurdu. Onları xara, fay. qanovuz və sair parçalardan 7-70 şırımdan, taxtadan tikirdilər. Ən üst tumanın ətəyində tumanın rənginə uyğun tonda, ya elə həmin rəngdə parçanın, ya da şəridin zolaqları tikilirdi. Geyiminə xüsusi diqqət ayıran qadınlar bu şırımları pulla, yaxud ştamplanmış çox zərif zərgərlik bəzəkləri ilə, naxışlarla bəzəyirdilər. Qış vaxtı yaşlı qadınlar üst tumanının altından sırınmış tuman - yorğan tumanı, məxmərdən, "ay-ulduz"dan və başqa parça növlərindən tikilmiş isti qolsuz və ya qısa qollu gödəkcə, kürdü geyinirdilər. Çox vaxt kürdünün qollarına, qol yerlərinə və ətəklərinə xəz tikilirdi.
Şuşalı qadınların baş geyimləri müxtəlifliyi və xiisusi gözəlliyi ilə fərqlənirdi. Bunlar, əsasən, araqçın, təsək (araqçının növü), çalma və cürbəcür yaylıqlar, ləçəklər (üçkünc yaylıq), şallar, xüsusi təyinatlı bürüncəklər - kəlağayılar, örpəklər, çadralar, çarşablar (qara çadra növü), və sairə idi. Eyni zamanda bir-birinin üstünə üç növ baş geyimi- bilavasitə saçlara tənzif, tül, qaz (nazik ipək parça), sonra kəlağayı və nəhayət, parlaq rəngli güləbətin dəsmal, ya da möhkəm parçadan şal örtülürdü. Evdən çıxarkən hər şeyin üstündən çadra, ya da çarşab örtürdülər.

Qadınların saç düzümü iki hörükdən və qulaqlarının üstündə birçəkdən ibarət olurdu. Saçlar birbaşa hamar tağ ilə düzəldilirdi. Saça cütqabağı (diadema) bərkidilir, ya da saçlar parlaq qızılla və ya qızıl pullarla işlənmiş lentlə bağlanırdı. Müxtəlif örtüklərin altından qoyulan araqçın, yaxud təsək, həmçinin kəlağayılar pullarla bəzədilirdi. Şuşalı xanımların ümumi görünüşünə bir çox bölgələrimizdə olduğu kimi yaşmaq - ağız və çənə hissənin baş örtüyünün bir hissəsi və ya ayrıca ləçəklə örtülməsi xas idi. Bütün bu libas dəsti naxışlı başmaqla tamamlanırdı. Kosmetika müxtəlifliyi ilə fərqlənmirdi - qadınlar saçlarını həna və basma ilə boyayır, və ya təbii rəngini daha da parlaqlaşdırır, gözlərinin quruluşunu sürmə, qaşlarının düzümünü isə vəsmə ilə vurğulayırdılar. Sürmə tuncdan düzəldilmiş dəstəcik qapağı olan xüsusi qablarda saxlanırdı. Müasir ətirlər və tualet suyu qızılgül suyu, müşk və ənbər ilə əvəzlənirdi.

Şuşada gümüşdən və qızıldan hazırlanan müxtəlif ölçülərdə istər sadə, istərsə də nəfis işləməli kəmərlər dəbdə idi. Bundan başqa, qadınlar hər iki əllərinə qiymətli və yarım qiymətli daşlarlardan qaşı olan üzüklər taxırdılar.

Nişan iizüyü və kəmərlər gəlinin vacib bəzək əşyası hesab olunurdu. Ailə nə qədər kasıb olsa da, gəlinə bu əşyaları alırdı. Kasıb təbəqənin ailələri üçün ziynət əşyalarının qiymətini aşağı salmaq məqsədilə qızıl suyundan istifadə edirdilər və içi boş bəzək əşyaları hazırlayırdılar.

Subay qızlarda bəzək dəsti olduqca məhdud idi. Məsələn, kəməri yalnız ərdə olan qadın taxa bilərdi.

Bütün bu geyinib-bəzənmək vərdişləri matəm günlərində unudulurdu – insanlar belə günlərdə hər hansı bəzək əşyasından istifadə etməməklə nimdaş paltarlar geyinirdilər.

Şuşalı kişilər

Şuşalı kişilərin geyimləri nisbətən sadəliyi ilə seçilirdi. Bu geyimlər ag və ya çox vaxt goy rəngdə bezdən tikilmiş köynəkdən ibarət olurdu. Bəzən gənclər köynəklərinə naxışlar tikdirirdilər. Köynəyin üstündən qısa, büzməli arxalıq geyinilirdi. O. həmişə kip düymələnirdi. Öz biçiminə gorə uç nov arxalıq var idi: biryanlı, ikiyanlı və düyməsiz. Onu uç duymə ilə, ya da ilmə ilə düymələyirdilər. Alt köynəyin üstündən soyuq qış günlərində qısa qolsuz köynəyi xatırladan can arxalığı (qalınca) geyinirdilər. Bundan başqa, arxalığın üstündən qısa beli, uzun ətəyi olan büzməli. vəznəli çuxa da geyinirdilər. Arxalığın və çuxanın üstündən kəmər, çox vaxt müxtəlif parçalardan (qumaş, tirmə, ipək) qurşaq taxırdılar. Şuşalıların əksəriyyəti gümüş kəmər, mollalar və müxtəlif təbəqələrin hörmətli şəxsləri parçadan düzəldilmiş qurşaq taxırdılar. Kasıblar bütün Qafqazda çox yayılmış yapma geyinirdilər. O. adamı istidən, soyuqdan, küləkdən qoruyur və eyni zamanda yorğan-döşəyi əvəz edirdi. Kişilərin əsas baş geyimləri müxtəlif formalı papaqlar, araqçın, təsqulaq, başlıq və sairə idi. Adi camaatın içindən çıxan kişilərin geniş yayılmış ayaqqabısı çarıq, digərlərinki başmaq (məxs), çəkmə idi. Orta əsrlərdən bəri evdə toxunan parçaların hazırlanma ənənəsinin qorunub-saxlanılması Şuşanın xarakterik xüsusiyyətlərindəndir. Nisbətən kasıb ailələrdə istər kişi, istərsə də qadın paltarlarını şuşalılar özləri nəinki tikir və bəzək vururdular, hətta bunun üçün parça da istehsal edirdilər.

Yeni şuşalılar

Yeni əsr yeni vərdişlər, yeni tərzlər, yeni duyum və dünyagörüşü deməkdir. Şuşalılar elmə, biliyə və bütün yeniliklərə, o cümlədən də. geyimə həmişə həvəs və meyil göstəriblər. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq şuşalıların geyim tərzlərində Bakı, Tiflis, Moskva, Sankt-Peterburq, Kiyev, Paris, Berlin kimi şəhərlərin qarderob xüsusiyyətlərini görmək mümkündür. Bu, əlbəttə ki, siyasi-iqtisadi inkişaf və dəyişikliklər fonunda elm və mədəniyyətin yeni mərhələyə keçidi, ölkələr arasında təhsil, ticarət əlaqələrin intensivləşməsi  ilə əlaqədar idi. Azərbaycan milli geyim tarixində modernləşmə, paytaxt Bakıdan sonra məhz Şuşa şəhərindən başlamışdır. Bu, qala-şəhərin coğrafi mövqeyi, yeniliklərə açıqlığı, təbiəti kimi mədəniyyətinin də yekrənglikdən, yeknəsəqlikdən uzaqlığı ilə izah edilir.

“Şuşa mədəniyyətinin inciləri” layihəsində Şuşa geyimləri

Mədəniyyət Nazirliyi “Şuşa İli” çərçivəsində “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Şuşanın milli geyim üslubu” bölməsində Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının kolleksiyasında qorunub saxlanılan və XX əsrin əvvəlinə aid olan qadın geyim dəsti - yaraşıqlı arxalıq və ətək, kürdü, baharı, çəpkən, tək arxalıq və s. geyim növlərini təqdim etmişdir.
Qadın geyim dəsti pambıq astarlı, üzəri qızılı rəngli butalarla bəzədilmiş “zərxara” adlı qiymətli parçadan hazırlanıb. Qarabağ arxalıqlarını fərqləndirən əsas cəhətlər yaxasının buta və ya oval “oyma” formalı, qatlama ətəkli və nilufər (yelpazəli) qollu olmasıdır. Arxalığın nilufər qolları dirsəyə qədər düz, dirsəkdən aşağıya doğru genişlənən biçimə malikdir. Geyimin şax durması üçün bel qurşağının yanına yonulmuş yastı çubuq dikinə tikişlə bənd edilib.

Kürdü (sırınmış qolsuz köynək) qadın üst geyimidir. Bu geyim tirmədən və məxmərdən tikilirdi. Xəzlə bəzək, sıx naxış vurulurdu. Kürdünü Şuşa ilə yanaşı digər bölgələrdə də geyinirdilər. Kürdü geyimi indi də dəbdədir.

Şuşada geniş istifadə olunan qadın üst geyim növündən biri də baharıdır. Biçim üsuluna və tikiş texnikasına görə küləcə ilə eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval), qol kəsiyinə (adətən yarımqol olurdu) və ətək biçiminə görə (ətək küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı olan baharı bahalı parçalardan (məxmər, tirmə) hazırlanır, yaxası açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri küləcədə olduğu kimi bəzədilirdi.

Çəpkən Azərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən – çiyinüstü, astarlı və yalançı qollara malik olan üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi. Çəpkən astarlı olub, belə qədər bədənə kip tikərdilər. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları olub. Bel hissədən bağ ilə bağlanırdı. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilirdi. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və digər tikmələrlə bəzədilirdi. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırdılar. Pullu çəpkən biçimi adi çəpkənlə eyni formada olub, qolsuzdur, astarı zolaqlı materialdandır. Yaxa və ətək xətti boyunca üç sıra pullarla bəzədilib. Sadə çəpkəndən biçiminə görə fərqlənən pullu çəpkən geniş yayılmışdı. O, qısa, qolsuz idi və çar sikkələri ilə bəzədilirdi. Qadınlar paltarın üstündən döşlük taxırdılar, onu naxışla və sərmə (xırda içi boş gümüş borucuqlar) ilə bəzəyirdilər”.

Arxalıq Azərbaycanda ən geniş yayılmış geyimlərdən hesab edilirdi. Adından göründüyü kimi, arxalıq qadınların sinə nahiyəsini açıq saxlayaraq bədənin kürək hissəsini tamamilə örtürdü. Üst geyimi olan arxalıq əsasən qiymətli parçalardan – tirmə, tafta, məxmər, atlaz, xara, zərxara və s. tikilirdi. Qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr onu daha da gözəl göstərirdi. Qarabağ bölgəsinə aid olan arxalıqlarda bel büzməsi zərif qırçınlı və qısa olurdu. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladır, adətən yaxası buta formasında, qolları “nilufər qollu” (yelpazəli) olurdu. Dirsəyə qədər düz olan nilufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi. Qol ağzına verilən qırçınlı-büzməli əlavələr arxalığı daha baxımlı və gözəl göstərirdi. Bel kəsiyinin formasına, yaxa və ətəyinin səciyyəsinə görə qadın arxalıqları bir-birindən fərqlənirdi. Layihədə təqdim edilən arxalıq XX əsrin əvvəlinə aiddir. Nümunə tirmə parçadan hazırlanaraq bafta və qaragözlə bəzədilib.

Gözəllik ondur, doqquzu dondur

Azərbaycan milli geyim mədəniyyəti bu qənaəti, bu məsəli özündə tam dolğunluğu ilə ehtiva edən tarixə malikdir. Və yaxud əksinə - bu qənaət, bu məsəl milli geyim estetikamızın lakonik şərhidir; burda həm gözəllik anlayışı var, həm də gözəlliyə dəyər vermək, onu ən layiqli şəkildə təqdim etmək mədəniyyəti. Köhnə dünyanın Azərbaycan xanımlarının zahiri görünüşündə qadına xas bütün cəhətlər öz əksini tapıb – qədərində əda, naz, mülayimlik, xanım-xatınlıq, zahiri yaraşığını vurğulamaqla daxili gözəlliyini tamamlamaq bacarığı. Bəylərin geyim mədəniyyətində isə təmkin, comərdlik, qoçaqlıq, qorxmazlıq kimi mütləq kişi keyfiyyətləri sezməmək mümkün deyil.     
Şuşanın geyim mədəniyyətini araşdırdıqca bir daha əmin olmaq imkanı yarandı ki, milli geyimlərimizin sadəcə örtünmək yanaşmasından çox uzaq olmasının sübuta ehtiyacı yoxdur - istər xanımlarımızın, istərsə də bəylərimizin geyimə, zahiri görünüşə münasibəti müasir dünyanın insanına nümunə ola biləcək səviyyədədir.

Samirə Behbudqızı

Məqalənin hazırlanmasında F.Vəliyev və G.Abdulovanın “Qarabağ geyimləri” kitabından istifadə edilmişdir.

Paylaş: