iki-gunes-arasindaki-ugur-formulu
Müəllif: Samirə Behbudqızı /Tarix: 2023-03-15 /Oxunma Sayı: 349

İKİ GÜNƏŞ ARASINDAKI UĞUR FORMULU

Martın 10-da dünyaşöhrətli teatr və kino xadimi Rüstəm İbrahimbəyovun vəfatından 1 il ötməsi səbəbindən Beynəlxalq Muğam Mərkəzində anım mərasimi keçirildi. Mərasimin BMM-in foyesində baş tutan birinci hissəsində Rüstəm İbrahimbəyovun dostları, həmkarları böyük azərbaycanlı adını ömrünün sonunadək layiqincə daşıyan mərhum haqqında xatirələrini, təəssüratlarını, düşüncələrini bölüşdülər. Xalq yazıçıları Anar və Çingiz Abdullayev, Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin rəhbəri İrek Zinnurov, Rüstəm İbrahimbəyovun məzarüstü abidəsinin müəllifi, heykəltaraş Aydın Zeynalov və başqalarının lakonik və məzmunlu çıxışlarında Rüstəm İbrahimbəyov şəxsiyyəti, dürüst insan və məsuliyyətli vətəndaş mövqeyi bir daha real cizgilərlə canlandı sanki.

Anım gecəsinin bədii hissəsi Rüstəm İbrahimbəyovun müsahibələrindən, məclislərdə, tədbirlərdə çıxışlarından, xatirəsinə həsr edilmiş mərasimin ruhuna uyğun çıxarışlarla başladı. Bu xitablarda, həyat qənaətlərində Rüstəm İbrahimbəyov uzun, dolğun ömür yaşamış müdrik şəxs və uğurlu yaradıcılıq yoluna malik insan kimi nəyi doğru, nəyi yanlış hesab etdiyini bildirir, tərbiyə və dünyagörüşünə, əldə etdiyi nailiyyətlərə görə doğma cənub şəhərinə, xüsusən 1960-cı illərin Bakısına borclu olduğunu xüsusi qeyd edir.

Rusiya Federasiyasının Əməkdar artisti Timur Bədəlbəyli Rüstəm İbrahimbəyovun xatirələrindən səhifələri oxuduqca iştirakçılar dünyaşöhrətli nasirin, dramaturqun, ssenaristin Bakının ən qədim məhəllələrindən birində keçən uşaqlıq, yeniyetməlik və ilkin gənclik illərinin özünəməxsus ab-havasına qərq olurdular.

R.İbrahimbəyov: “… mən ixtisasca optimal idarəetmə sistemləri üzrə mütəxəssisəm. Özüm üçün varolmanın belə bir sistemini tərtib etmişəm – həyatdan maksimum zövq almaq, maksimum maraqlı yaşamaq. Mən iş-gücümü bütləşdirmirəm, həyatım yaradıcılığımdan daha irəli, daha önəmlidir. Həyatda yalnız bir məhdudiyyətim var: vicdanım. Bəli, mən həyatı tam dolğunluğu ilə yaşamağa çalışıram, lakin bir şərtlə ki, vicdanımın qoyduğu sədləri keçməyim. Bu mənim fərdi, daxili çərçivəmdir…”

Ardınca Sovet kinosunun parlaq səhifələrini, “qızıl” fondunu təşkil edən “Bir cənub şəhərində”, “İstintaq”, “Səhranın bəyaz günəşi”, “Günəşdən usanmışlar” kimi SSRİ Dövlət Mükafatına, “Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülmüş, ilkin mərhələdə birmənalı qarşılanmadığına görə çəkilişlərinə heç də dərhal imkan yaradılmayan “Bir cənub şəhərində” və “İstintaq” ekran əsərlərinin son nəticədə belə uğurlu taleyə tuş gəlməsində Heydər Əliyevin müstəsna müdrikliyi və dəyərliyə önəm verib inkişafına şərait yaratmaq keyfiyyətini vurğulayan videoxronika və xatirələr təqdim edildi. “Səhranın bəyaz günəşi” və “Günəşdən usanmışlar” filmlərinin zərurətdən doğan uğurlu təsadüflər sayəsində xoşbəxt ekran talelərinin trayektoriyasının cızılmasından bəhs edildi.

Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilmiş filmlərə musiqi kompozisiyaları, filmlərdən fraqmentlərlə, Azərbaycan estrada və caz əsərlərindən ibarət canlı instrumental və vokal ifalarla müşayiət olunan, Rüstəm İbrahimbəyov şəxsiyyətinə və yaradıcılığına dəyər verən ziyalıların iştirak etdiyi anım gecəsi, XX əsrin İntibah dövrü adlandırılan 1960-cı illərin sonunda ekranlara çıxan “Səhranın bəyaz günəşi” və SSRİ dönəminin süqutundan sonra ilk illərdə çəkilən “Günəşdən usanmışlar” ekran əsərlərinin timsalında uğur formulunun dayanıqlığına, işləkliyinə, inam dalğasına köklənərək davam etdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, prodüser Fatimə İbrahimbəyovanın quruluşunda baş tutan anım gecəsi iştirakçıları biganə buraxmadı. Mərasim Sevda Ələkbərzadənin ifasında “Əlvida” (söz. Anar, mus. Emin Sabitoğlu) mahnısı tamaşaçıların sürəkli alqışları ilə bitdi. Maestro İbrahimbəyov ölümündən bir il sonra tamaşaçıları və oxucuları tərəfindən gurultulu alqışlarla anıldı.

Samirə Behbudqızı

Paylaş: