uzeyir-hacibeyliye-verilen-mukafat
Müəllif: Aqşin Yenisey /Tarix: 2023-01-06 /Oxunma Sayı: 239

Üzeyir Hacıbəyliyə verilən “mükafat”

Azərbaycan maarifçilərinin bir qüsuru vardısa, o da bu idi ki, cəhaləti yalnız dini düşüncənin geridəqalmışlığı kimi təqdim edirdilər. Siyasi, mədəni, elmi geridəqalmışlığa bir o qədər önəm vermirdilər. Bu da sonrakı nəsillərin siyasət, mədəniyyət, elm sahələrində cahilləşməsinin önünü açdı. Hətta dini cahillər belə "cahil” adını daşımamaq üçün siyasətə, mədəniyyətə, elmə cumdular. Və biz bu günlərə qaldıq. 
 
Proseslər onu göstərir ki, cəhalət anlayışını yalnız dinin belinə yükləməklə xalqımız özünün siyasi, elmi, əxlaqi, estetik cahilliyini qoruyub inkişaf etdirə bildi. Və qəribəsi odur ki, bu gün cəmiyətin böyük bir hissəsi bu elmi, siyasi, əxlaqi, estetik cahillikdən qurtulmağın yolunu dini cəhalətə qayıtmaqda görür. Bu, bizim milli absurdizmdir. Çölü dünyəvilik davası edir, içi şəriət liderinə tapınır. Oxuduğu kitab konstitusiyadır, sevdiyi kitab Quran. 
 
Alimlər üçün yazılan kitablar əbədi ola bilməz; çünki elm hər keçən gün köhnəlir və yenilənir. Əbədi olan kitablar cahillər üçün yazılan kitablardır; çünki cahillik heç vaxt köhnəlmir və yenilənmir. 
 
Bizim insanın əlində tutduğu kitabla beynində tutduğu kitab bir-birinə ziddir, bir-birini inkar edir. Və bunun səbəbi dini yox, siyasi cəhalətdir. Siyasi cəhalətin azadlığı, demokratiyası daha böyük fəlakətdir. Bu cür demokratiya, məsələn, Hitlerə imkan verdi ki, beynində tutduğu kitabın irqçilik çağırışlarını gerçəkləşdirsin. 
 
Çox vaxt fəxrlə deyirik ki, 1918-ci ildə qurduğumuz ADR bir çox Avropa ölkəsindən daha tez qadınlara seçmək hüququ verdi filan. Birincisi, yüz ilə yaxın (1848-1944) mübarizə aparan fransız feministləri, 1909-cu ildən 1971-ci ilə kimi səsvermə hüququ tələb edən İsveçrə qadınları, Viktoriya dövründən ta 1928-ci ilə kimi dirəşən ingilis sufrajistləri ilə müqayisdə müsəlman qadınları hansı mübarizənin müəllifi idilər, ikincisi, öz ərini belə seçmək ixtiyarı olmayan qadına səsvermə hüququ vermək Roma Papasından daha çox katolik olmaq deyildimi? Özünə padşah seçənə qədər Azərbaycan qadınının hansı seçim haqqı vardı ki, ona şappadan belə bir hüquq verilirdi? Nədən heç bir elmi, mədəni, siyasi baza olmadan birdən-birə fil düzəltməliyidik? Bu demokratik görməmişlik, məncə, öz xalqını, öz regionunu, öz tarixini bilməməyin nəticəsi idi. Bu, siyasi cəhalətin özgüvəni idi. İddiaları ilə imkanları üst-üstə düşməyən gürcü xalqının yoluxduğu "Saakaşvili sindiromu” kimi bir şey. 
 
İngilisdən, fransızdan, isveçrəlidən hansı mədəni, tarixi, intellektual, sosial üstünlüyümüz vardı ki, onları qabaqlamaq fikrinə düşmüşdük? Bu səsvermə hüququnun arxasında hansı milli, regional təcrübə, istək, fəlsəfə dayanmışdı? Hələ kənar müdaxilələrin reallığını qoyuram bir kənara. 
 
Dovşan ili həm də yaddaşlarda ayaqqabı tayı ilə qaldı; zarafatlaşan gənclərin Üzeyir Hacıbəylinin heykəlinə tolazladığı ayaqqabı tayı ilə. Baxıram sosial şəbəkələrdə hamı günahlandırır ki, Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan gəncliyi mövcud hakimiyyət formalaşdırıb. Mövcud müxalifətin heçmi günahı yoxdur? Guya, müxalifət düşərgəsi gecə-gündüz Karl Popperin kitablarının müzakirəsini keçirirmiş, xəbərimiz olmayıb.
 
Ölkədə hər il kitab sərgiləri, cürbəcür mədəni tədbirlər olur. Yaxşı deyək ki, mədəniyyətin inkişafı hakimiyyəti maraqlandırmır, axı bu tədbirlərdə müxalif simalara da rast gəlmək çox nadir hadisədir. Axı mədəniyyətin inkişafı müxalifətə də sərf etmir. Cəmiyyət mədəniləşdikcə sıralar seyrəlir axı. Mübarizə, inkişaf anlayışını yalnız siyasi düşərgənin maraqları ilə məhdudlaşdırmaqla hansı mədəni, intellektual gənclikdən, hansı böyük gələcəkdən danışmaq olar? 
 
Bir dəfə Tiflisdə balaca bir kafedə iyirmi yaşlı bir gürcü şairinin kitab təqdimatında iştirak edirdim, qara libaslı gürcü keşişləri gəlmişdi təqdimata. Keşiş e, a kişi, keşiş! Çaxırdan içib ağzına gələni yazan gənc şairin şeirlərini tərifləyirdilər. Biz bədbəxtlər orada da dərdimizdən içəsi olduq.
 
Mən siyasətçi deyiləm, hər hansı siyasi, ideoloji mühitin yetişdirdiyi yazı-pozu adamı da deyiləm ki, boynuma cəmiyyətin, xalqın, hansı ideoloji düşərgənin xoşuna gəlmək kimi bir öhdəlik qoyulsun. İddiam tanınmaq deyil, oxunmaqdı. Başdan-ayağa muzd hesabına siyasiləşdirilmiş cəmiyyətimizin də narahatlığına hörmətlə yanaşıram, çünki sinifləşmə, kastalaşma prosesi bu qədər barbarcasına və bu qədər sürətlə getməməliydi. Milyonerləşmə yetimləşmədən alınan qisas kimi görüntülənməməli idi. İnsanların inanclı olub-olmadıqlarına, siyasi mövqeyinə görə dəyərləndirilməsinin nə qədər bərbad bir düşüncə olduğuna əmin olsam da, onu da qəbul edirəm ki, cəmiyyətə həmişə mübariz insanlar lazımdır, amma hər sahədə. Mübarizə anlayışını yalnız hanısa siyasi düşərgənin maraqları ilə məhdudlaşdırmaq da yolverilməz düşüncədir. Əgər ölkənin ziyalıları, şairləri, bəstəkarları, intellektualları da öz yaradıcılıqlarının deyil, siyasi mübarizənin şöhrətinə, imtiyazlarına göz dikəcəklərsə, vay bizim mədəniyyətin halına! Allaha inanmağı mənəviyyat hadisəsi kimi təqdim edən ruhani standartlaşma da fəlakətdir. Dünyada tanrıya inanan milyonlarla mənəviyyatdan yoxsul məxluq var.   
 
Məsələ ümumi mənafedirsə, yanaşma da ümumi olmalıdır. Amma əgər iqtidar düşərgəsi tərifləyərək, mükafatlandıraraq, müxalifət düşərgəsi söyərək, təhqir edərək insanları öz sıralarına qatmağı yeganə yol biləcəklərsə, nəinki Üzeyir Hacıbəyliyə ayaqqabı atan gənclik, Honduras diktatoru kimi allaha top atmağı əmr edən cahil bir nəsil yetişəcək.  
 
Bu yerdə Stefan Svayqın bir novellasını xatırlamamaq ədəbiyyat mömini adına günah olar. Çar Dostoyevskini edama göndərdiyi günlərdə iki inqlibaçı rus gənci gəlir Tolstoyun malikanəsinə ki, yazıçını inqilabın vacibliyinə inandırsın, Tolstoy isə mənəvi, mədəni təkamül tərəfdarı olduğuna israr edir. İnqilabçı gənclər Tolstoyu, bir növ, çara yaltaqlanmaqda ittiham edib, söyüb, aşağılayıb gedirlər. İnqilab oldu; aclıqla başlayıb, aclıqla başa çatdı. İnsanların yarısını bişirib yerdə qalan yarısına yedirən inqilabi sosializm özünün ideoloji varlığı ilə Rusiya tarixinin yetmiş ilini güclə doldura bildi, amma Tolstoydan sonra daha heç vaxt Rusiya tarixini, rus mənəviyyatını Tolstoysuz təsəvvür etmək mümkün olmayacaq. Özümü Tolstoyla müqayisə etmirəm, əstağfurullah, sadəcə, mən istəmirəm ki, Azərbaycan xalqı 50-60 ildən sonra qayıdıb geri baxanda öz mədəniyyətinin, mənəviyyatının yerində boş bir səhra görsün; partiya intriqalarının qurutduğu, siyasi boğanaqların boş-boşuna uğuldadığı kimsəsiz bir çöllük görsün öz keçmişinin yerində! 
 
Arxasında yalnız polis gücü olan siyasətlə, arxasında yalnız söyüş gücü olan siyasətin heç bir fərqi yoxdur. Hər ikisi gələcək zaman duyğusundan məhrumdur! Siyasət yalnız arxasında mədəniyyət, canında aristokratik instinkt olduqda tarixi uğura çevrilir.

Paylaş: