İsrafil İsrafilov: "Dünya sənət magistralından uzaqdayıq"
Kulis.az Şəhriyar del Gerani və Aliyə sənətşünaslıq doktoru, professor İsrafi İsrafilovla müsahibəsini təqdim edir.
Müsahibənin girişinə sənətin əhəmiyyəti haqqında cürbəcür fikirlər yazmağa ehtiyac yoxdur, sanıram. Bu yazını teatrın vacibliyini anlayanlar, ona mənəvi ehtiyac duyanlar oxuyur. Onlar bugünkü Azərbaycan teatrının durumundan xəbərdardırlar. Bizim ehtiyac duyduğumuz gözəlliyin özünün ehtiyacları, dərdləri, ümidləri nələrdir? Bu suala cavab tapmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissoru və səhnə plastikası” kafedrasının rəhbəri, Əməkdar incəsənət xadimi, teatrşünas alim, professor İsrafil İsrafilovla görüşməyi qərara aldıq.
- Hazırda bir ustadla üzbəüzəm. Azərbaycanda teatrı bilən adamlardan ən birincisi sizi hesab edirəm. Bu gün İsrafil İsrafilovun universitetdəki funksionallığı nə qədərdir? Bayaq dəhlizdə bir neçə tələbədən sizin otağınızın yerini soruşdum, heç biri tanımadı.
- Universitetin tələbə kontingenti fərqlidir, burada çoxsaylı ixtisaslar var. Ötən ildən burada kafedra müdiriyəm. Bəlkə, əsas səbəb budur. Teatr sənəti ixtisası üzrə təhsil alanlar, yəni aktyorlar, rejissorlar, teatrşünaslar yəqin ki məni tanıyırlar. Kim bilir, bəlkə, mənim təqsirimdir ki, tanıda bilməmişəm özümü. Adətən insanlar qabaqda olanı, bağırtıyla, hay-küylə danışan adamı tanıyırlar. Mən də belə şeyləri bacarmıram. Heç vaxt özümü tanıtmağa cəhd etməmişəm.
- Sonuncu dəfə “Azdrama”da direktor oldunuz. Ümumiyyətlə, bu teatrdakı dövrünüzü necə qiymətləndirirsiniz?
- Məhsuldar və faydalı. Əlbəttə, daha çox işlər görmək olardı. Amma görülənlər də az deyildi. Məsələn, ondan başlayaq ki, yaradıcı heyətin səhhətini mühüm hesab etdiyim üçün truppanın aktyorlarının xüsusi sağlamlıq mərkəzində tam müayinə keçməsini, məsrəfsiz şəkildə illik həkim müayinəsi məsələsini həll etdim. Onların fiziki sağlamlığını yaradıcılıq fəaliyyəti üçün mühüm şərt hesab edirəm.
Hər teatr mövsümündə 9-10 tamaşa hazırlanırdı. Burada başlıca məqsəd teatrın aktyor truppasının tam tərkibdə rollarla təmin edilməsi, onların fərdi yaradıcılıq imkanlarının üzə çıxarılması idi. Tamaşa hazırlanması işinə əcnəbi rejissorlarla bərabər, yerli rejissorların geniş şəkildə cəlb edilməsi, onların yaradıcılıq fəaliyyətinin hərtərəfli təmin edilməsi gündəlik işimiz idi. Məhz bu illərdə Kamran Şahmərdan “Teleskop”, Azər Paşa Nemətov “Boy çiçəyi”, “Şah Qacar”, Mehriban Ələkbərzadə “Qatarın altına atılan qadın”, “Əmir Teymur”, Bəhram Osmanov “Gəncə qapıları”, Mikayıl Mikayılov “Xanuma”, “İlahi oyun”, “Müfəttiş”, Nicat Kazımov “Çarəsiz deputat”, “Ruh”, Gümrah Ömər “Qadın məhəbbəti”, “Nadir şah”, Rövşən Almuradlı “Yaşlı xanımın gəlişi”, Firudin Məhərrəmli “Anamın kitabı”, Namiq Ağayev “Qanlı Nigar”, “Napoleon”, Loğman Kərimov “Danışan gəlincik”, Oruc Qurbanov “Oliqarx”, İranə Tağızadə “Sənətkarın taleyi”, Ərşad Ələkbərov “Müsyö İbrahim və Quran çiçəyi” və başqa tamaşalar teatrın repertuarını zənginləşdirməkdən daha çox gənc rejissor qüvvələrinin yaradıcılıq məharətini aşkara çıxarmaq niyyəti ilə həyata keçirilirdi. Gizli deyil ki, adlarını sadaladığım bir neçə rejissoru istisna etsək, digərlərinin Akademik Dram Teatrının səhnəsində tamaşa hazırlamaq ümidləri olmadığı halda onlara bu şərait yaradıldı. Gənc aktyorlara gəlincə, müxtəlif yaradıcı üsluba malik olan rejissorların hazırladıqları tamaşalarda onların böyük bir qismi aparıcı rollarda çıxış etməklə ifa məharətini göstərə bildilər.
Mövcud ştat cədvəli çərçivəsində yeni struktur vahidi – “Prodüserlik və innovasiyalar” şöbəsi yaradıldı, teatrda bir zamanlar ləğv edilmiş muzey, arxiv, kitabxana təşkil edildi. Bundan başqa, teatrda tanınmış teatrşünas alim Vidadi Qafarovun rəhbərliyi ilə gənc teatrşünasların laboratoriyası fəaliyyət göstərməyə başladı. Bu zaman teatrda bir elmlər doktoru, iki sənətşünaslıq üzrə fəlsəfə doktoru, üç doktorant çalışırdı və qıza zaman içərisində elmi potensialın praktik yaradıcılıq işinə səmərəsi öz təsirini göstərdi.
Teatrın Bədii Şurasının qərarı ilə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq, aktyorluq, teatrşünaslıq ixtisası üzrə təhsil alan və tədris uğurları ilə fərqlənən tələbələrə ayda 100 manat olmaqla təqaüd verilirdi. Bundan başqa, teatrın o zaman səhnədən ayrılmış bir qrup qocaman əməkdaşı xüsusi təqaüdlə təmin olunurdu.
Biz çağdaş dövrün teatr sənəti tələblərinə cavab verəcək yeni səhnə ədəbiyyatının yaranması ilə bağlı ardıcıl işlər aparır, bir sıra görkəmli yazarlarla bərabər, Əli Əmirli, Afaq Məsud, Kamal Abdulla kimi müəlliflərlə də sıx əməkdaşlıq münasibətləri qurur, dünya dramaturgiyası nümunələrinin dilimizə çevrilməsi istiqamətində ayrı-ayrı tərcüməçilərlə, o cümlədən Yaşar Əliyevlə, Dilsuz Mustafayevlə səmərəli yaradıcılıq işləri görürdük.
Təkcə üç il yarım ərzində teatrın repertuarında onlarla orijinal səhnə işləri yer tutdu, kollektiv xarici ölkələrdə keçirilən 16 festival və qastrolda iştirak etdi. Belə ki, Akademik Milli Dram Teatrı həmin illərdə “Slaviya” (Serbiya), “Yalta Çexov” (Ukrayna), “Belaya Veja” (Belarus), “Min nəfəs, bir səs” (Türkiyə), “Fəcr” (İran) və s. festivallarda, həmçinin Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, İsveç kimi ölkələrdə qastrol səfərlərində oldu.
- Bildiyim qədərilə T.Terzopulos kimi görkəmli rejissoru teatra dəvət etmisiniz.
- Həmin illərdə teatr İtaliyanın “Pikkolo”, Rusiyanın A.P.Çexov adına Akademik Bədaye, “Taqanka”, Polşanın “Avropa teatrı” statusuna malik olan Krakov teatrı, Makedoniyanın Dövlət teatrı, Belorusun Y.Kupala adına teatrı, Gürcüstanın K.Marcavaşvili adına Akademik Dram Teatrı, Moldovanın “Ejen İonesko Mərkəzi” ilə ardıcıl əməkdaşlıq əlaqələri qurmuşdu.
O illərdə dünyanın tanınmış bir neçə rejissoru ilə beynəlxalq layihələr üzərində işlədik. Polşadan Kşiştof Zanussi, Fransadan Rişar Martin, Rusiyadan Oleq Tabakovun, Lev Dodinin adını çəkə bilərəm. Onlardan biri də Terzopulos idi. Onunla aktual teatrla bağlı bir sıra həmrəy mövqelərimiz var idi. O, Avropada çox məşhurdur, “Avinion festivalı”nın münsiflər heyətinin üzvüdür. T.Terzopulosun Afinada yaradıcılıq mərkəzi və ayrıca teatrı fəaliyyət göstərir. Hazırda o, Macarıstanda ustad dərsi keçir. Dediyiniz illərdə onu Bakıya dəvət elədim, Mədəniyyət naziri ilə görüşdü. İstəyirdik ki, “Zəncirlənmiş Prometey” əsərini müştərək yaradıcılıq heyətilə hazırlayaq.
Başqa bir layihə isə hazırda məşhur teatr rejissorlarından olan K.Marcanaşvili teatrının o zamankı (indi o, yeni teatr təşkil edib) baş rejissoru Levan Tsuladze ilə olacaqdı. O, bizim teatrda İsçevrə dramaturqu M.Frişin “Don Juan, yaxud həndəsəyə məhəbbət” pyesini hazırladı. Onunla Hüseyn Cavidin “Şeyx Sənan”ını müştərək layihə kimi hazırlamaq istəyirdik. Bəllidir ki, “Şeyx Sənan”ın ikinci hissəsində hadisələr Tiflisdə baş verir. Düşünürdüm ki, gələcək tamaşanın birinci hissəsini Azərbaycan dilində, ikinci hissəsini gürcü dilində oynayaq. Birinci hissəsini azərbaycanlı aktyorlar, ikinci hissəsini isə gürcü aktyorlar oynasın, tamaşanın premyerasını həm Bakıda, həm də Tiflisdə keçirək. Bu niyyətlə biz “Şeyx Sənan”ı gürcü dilinə tərcümə elətdirdik. Gürcü həmkarlarımızla gələcək tamaşanın konseptual həllinə yönələn ilkin hazırlıq işlərilə bağlı danışıqlar apardıq. Yeri gəlmişkən deyək ki, Gürcüstan teatrı çox inkişaf edib. Onların rejissorları Almaniyada, İngiltərədə, İtaliyada tamaşalar qoyur, böyük uğur qazanır, bir sıra prestijli beynəlxalq festivallarda ön sırada gedirlər. Qeyd etdiyim əməkdaşlıq əlaqələri Azərbaycanda teatr sənətinin yaradıcılıq həyatının ahəngdarlığına müsbət təsir göstərə bilərdi.
- Bəs nə mane oldu?
- O qədər şey mane oldu ki... Allah Mirzə Cəlilə, Üzeyir bəyə, Mirzə Ələkbər Sabirə rəhmət eləsin... Bunlar ötüb-keçən illərin məsələsidir deyə, gəlin, altını cızmayaq.
Sadə bir şey deyim sizə. O vaxt teatrda aktyorların, aktrisaların məşq etməyi üçün trenajor zalı açmışdıq. Hər bir avadanlığımız var idi. Aktyorun dözümlü fiziki imkanı, mütənasib bədəni, estetik zahiri görünüşü olmalıdır. Səhnədə gözəllik vacibdir. Əslində, hər bir sənətçi bu barədə özü düşünməlidir. Bu niyyətlə truppa üçün kişi və qadın idmançılar dəvət etdim ki, onların fiziki hazırlığı ilə məşğul olsunlar.
Teatrın aktyorlarının səslərinin qurulması, vokal dərsi keçmək üçün Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmiş pedaqoq, onların səhnə plastikasını təkmilləşdirmək məqsədilə isə ayrıca iki müəllim dəvət etdim. Səhnə yaradıcılığında aktyorun başlıca inşaat materialı olan fiziki bədəninin, nəfəs yollarının, səs, nitq qabiliyyətinin mükəmməl olması vacibdir. Teatr tarixindən bəllidir ki, K.S.Stanislavski, V.Meyerhold, M.Çexov, sonralar Y.Qrotovski kimi görkəmli teatr xadimləri aktyorların sənət tərbiyəsində vokal, plastika, psixotexnika məsələlərinə xüsusi diqqət yetiriblər.
- Bəs aktyorların marağı var idi?
- Yox. Məşğələlərə gəlmirdilər. Özümə gəlincə, mən bir sıra beynəlxalq mədəniyyət təşkilatlarında ölkəmizi təmsil edirəm. Türksoylu dövlətlərin teatr rəhbərləri şurasının sədriyəm, Dünya Teatr Tənqidçiləri Assosiasiyasının üzvüyəm, müxtəlif beynəlxalq festivallarda jüri üzvü oluram. Argentinadan tutmuş Lüksemburqa qədər müxtəlif qitələri əhatə edən tənqidçilər tərəfindən Assosiasiyanın Konqreslərində dünyadakı teatr prosesi hər dəfə təhlil edilir. Yəni dünya teatr sənətinin üz tutduğu istiqamətlərdən xəbərim var. Təəssüf ki, biz o magistraldan uzaqdayıq və bu gün təxirəsalınmaz tədbirlərlə mövcud geriliyi aradan qaldırmaq ən ümdə vəzifə sayılmalıdır.
Bu gün Qazaxıstan, Özbəkistan, Tatarıstan teatrlarının yaradıcılıq mühiti daha zəngindir, ifaçılıq səviyyəsi bizdə olduğundan yuxarıdır. Halbuki bir zamanlar istər Orta Asiyaya, istərsə də Volqaboyu qastrol səfərlərinə çıxan Azərbaycanın görkəmli teatr xadimləri orada bir sıra milli teatrların yaranmasına kömək ediblər.
- İsrafil müəllim, teatr bizim cəmiyyətin həyatında nə qədər iştirak edir?
- İştirak eləmir. Milli teatr həyatı ətalət halındadır. Yaradıcılıq prosesi imitasiya edilir. Gözə kül üfürmə ənənəsi uğurla davam etdirilir, söz atəşfəşanlığı, populizm fəaliyyət kimi qələmə verilir. Cəmiyyət və teatr münasibətlərinə gəlincə, o, passiv rejimdədir. Halbuki teatr ictimai-mədəni həyatın ən aktiv cinahında olmalıdır. Çünki o, cəmiyyətin barometridir. Cəmiyyətin içindəki bütün qabarma və çəkilmələr teatrın yaradıcılıq həyatına təsir göstərir. Teatr cəmiyyətin energetik bazası, mədəni-estetik ifadə məkanıdır.
- Axı teatrın özünün də problemləri az deyil. Məsələn, tamaşaçı problemi.
- Haqlısınız, teatrın problemləri az deyil və həmişə olub. Sadəcə, həmin problemlər indiki dövrdə qat-qat çoxdur.
Azərbaycan teatrının problemi təkcə ayrı-ayrılıqda tamaşaçı, yaxud maddi-texniki bazanın təkmilləşdirilməsi, kadr məsələləri deyil. Problem teatrın daxili strukturundan, idarəetmə sistemindən tutmuş yaradıcılıq prosesinin tənzimlənməsini, qanunvericiliyin tətbiqini, burada yeni elmi, estetik tələblərin marketinq uyğunluğunun, sənət adamlarının sosial müdafiəsinə qədər bütün şərtlərin yeni baxışla dəyərləndirilməsini və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Mövcud vəziyyətin optimal həlli üçün həm konservativ yanaşmaya, həm də operativ müdaxiləyə ehtiyac var. Bilirsiniz, orada-burada, tribunalarda, dəhlizlərdə səslənən populist hay-küylər səmərəsiz işlərdir. Mövcud problemlərin konstruktiv layihələrlə, konseptual həll yolları ilə irəliləmək lazımdır.
- Çağdaş dövrdə milli teatrımızın fəaliyyət strategiyasını müəyyənləşdirmək məsələsi ilə bağlı təcrübəli mütəxəssis olaraq sizə hər hansı müraciət edilib?
- Yox, indiyədək hər hansı şəkildə mənə müraciət edilməyib. Bu il, yəni 2024-cü ildə Mədəniyyət Nazirliyində Ekspert Şurası yaradıldı və mənə həmin Şurada sədr kimi fəaliyyət göstərmək təklif edildi.
- Bəs inkişaf konsepsiyasında ən vacib məqamlar, prioritet məsələlər nə olmalıdır, sizcə?
- İndiki halda hər hansı inkişafdan söz gedə bilməz. Çünki hər şeydən əvvəl mövcud vəziyyətdə milli teatr sənətimizin müşahidə edilən reqressiv prosesləri dayandırılmalıdır. Yaşadığımız hər həftə, hər ay həmin prosesləri daha da gücləndirir. Bu və ya digər şəkildə görünən, yaxud süni olaraq təşkil edilən media hay-küyləri mədəni-estetik itkilərimizin üstünü ört-basdır etməyə qadir deyil. Uzun illər ərzində yol verilən nöqsanlara göz yummaq yox, mövcud vəziyyətin ehtimal etdiyimiz acınacaqlı aqibətinin qarşısını almaq barədə düşünməyin əsl vaxtıdır.
Gizli deyil ki, hazırkı vəziyyətdə teatr sənəti sahəsindəki fəaliyyət əvvəldən axıra kimi imitasiya xarakterlidir və bu, təxirəsalınmaz tədbirlərlə dayandırılmalıdır. Bu isə icra orqanlarından siyasi iradə, milli təəssübkeşlik, ciddi səriştə və ardıcıl fəaliyyət əzmi tələb edir. Bu zaman hər şeydən əvvəl mövcud teatr sistemi təkmilləşdirilməli, maliyyələşmə və struktur məsələləri, xüsusilə də teatr təhsili tamamilə fərqli prinsiplərə əsaslanmalıdır.
Elmi qənaətlərə görə, XXI əsr ötən əsrdən daha mürəkkəb olmaqla bəşər sivilizasiyasının yeni təkamül mərhələsidir. Tamamilə təbiidir ki, yaşadığımız bu yeni əsrdə siyasi, iqtisadi, ekoloji, mədəni, sosial, elmi, dini proseslərin indiyədək görünməmiş bəzi hallarda dialektik, bəzi hallarda isə süni rəqabətə səbəb olması müşahidə edilir. Amma bu da təkzibedilməzdir ki, bütün mürəkkəbliyi ilə bərabər, həmin proseslər yer adamının bədii, intellektual, yaradıcılıq potensialını nəinki azaltmır, əksinə, ikiqat vüsətlə onu qanadlandırır. Bu istər elmi, istər bədii yaradıcılıq sferasında tamamilə yeni məna qatlarına nüfuz edir. Başqa məsələdir ki, kvant nəzəriyyəsi, yaxud qonşu qalaktikanın öyrənilməsi, parapsixologiyanın, süni intellektin tətbiqi ilə bağlı bəşər övladının əvvəllər üzərində düşünmədiyi digər sahələrin bu gün tamamilə fərqli prizmadan baxılıb tədqiq edildiyi kimi, çağdaş dövrün teatr sənəti əvvəlkindən fərqli dünyagörüşə və metoda üstünlük verir.
- İsrafil müəllim, İncəsənət Universitetində Rejissorluq kafedrasının rəhbərisiniz. Universitet lap bu günlərdə yüz illiyini qeyd etdi. Teatr sənəti təhsilində tarixi nailiyyətlərimiz və bugünkü problemlərimiz nələrdir?
- Bəli, artıq bir ildir ki, dediyiniz kafedraya rəhbərlik edirəm. Universitetin nailiyyətləri haqqında günlərlə danışmaq olar. Əslində, bu barədə danışmaq lazımdır. Zarafat deyil, ötən yüz ildə görün, nələr olub. Dostum Vaqif İbrahimoğlu demişkən, bir epoxadan o biri epoxaya düşmüşük. Neçə-neçə siyasi-iqtisadi, ictimai-mədəni mərhələlər yaşamışıq, bədii ifaçılıq sənətinin ən həssas sahəsi sayılan teatrda təzahür edən proseslərin bilavasitə içərisində olmuş nəsillərdən görüb-götürmüşük.
Amma çağdaş dövrümüzdəki ictimai-mədəni reallıq əvvəlkilərdən xeyli fərqlidir. Yəni ictimai həyatın bütün sahələrində açıq-aşkar müşahidə edilən yeni reallıqların konkret təsirləri nəzərə alınmaya bilməz. Belə ki, istər elmdə, istərsə də mədəniyyətdə özünü göstərən təsirlər təbii olaraq təhsildə də yer almaqdadır. Bizə indiyədək tanış olan dünya və onun gerçəkləri büsbütün dəyişib.
Problemə gəlincə, o, ümumi xarakterlidir. Belə ki hazırda müşahidə etdiyimiz total savadsızlıq faktları ciddi narahatlıq doğurur. İbtidai və orta təhsilin hazırkı vəziyyəti (istər pedaqoji kadrların fəaliyyəti, istərsə də mövcud dərsliklərin səviyyəsi), zəruri biliklərin aşılanması metodları nəticə etibarilə şagirdləri bezdirib, onları təhsildən küsdürür. Valideynlərin və repetitorların səyləri ilə ali məktəbə daxilolma faizləri məktəblərin, Elm və Təhsil Nazirliyinin uğuru kimi hesabatlara salınsa da, gerçək həqiqət başqadır.
Milli teatr mədəniyyəti sahəsində nəsillərin bir-birini əvəz etməsi prosesi nə qədər ağrılı olsa da, labüddür. İstedadların tirajlanmadığını, yalnız ayrı-ayrı fərdlər kimi təzahür etdiyini bilsək də, bu gün fitri bacarığın cilalanmasının məhz teatr təhsili sayəsində mümkün olduğu həqiqəti hər kəsə bəllidir. Biz bir zamanlar sovet dövrünün qanadlı ifadəsi sayılan “kadrlar hər şeyi əvəz edir” cümləsinin doqmatizminə bir o qədər əhəmiyyət verməsək də, burada bəzi həqiqət işartılarının olduğunu da nəzərdən qaçırmamalıyıq. Sözün qısası, səhnə sənəti üçün mühüm olan kadr təminatı, milli teatrımızın sabahı üçün fövqəladə əhəmiyyət kəsb edən bu sahədə, yəni teatr təhsili sahəsində mövcud olan problemlərin həlli bu gün böyük həssaslıq tələb edir.
Bəlli olduğu kimi, incəsənət sahəsi üçün mütəxəssis kadrların hazırlanması milli mədəniyyətimizin prioritet məsələsi olmaqla digər sahələrdən fərqlənən tədris xüsusiyyətlərinə malikdir. Müstəqil dövlət quruculuğu dövrünün bir sıra islahatları içərisində təhsil sahəsində aparılan islahatlar istər pedaqoji kollektivlərdə, istər çoxsaylı valideyn toplumunda birmənalı qəbul edilmir. Belə ki, əsas iradlar Boloniya təhsil sisteminin tətbiqi ilə bağlıdır. Onun tətbiqinin hansı elmi, ictimai ehtiyacdan irəli gəldiyini söyləyə bilməsək də, həmin təhsil sisteminin on illərlə sınaqdan çıxan əvvəlkindən üstünlüyü təxmini görünür. Belə ki, əvvəlki təhsil sisteminin konkret olaraq üstünlüklərini və real uğurlarını bildiyimiz halda, Boloniya təhsil sisteminin üstünlükləri və nikbin nəticələri müşahidə edilmir. Doğrudur, təhsilin liberallaşması, tələbələrin demokratik seçim imkanlarının artması, pedaqoji fəaliyyətin tələbə auditoriyası ilə iş prosesində fərdlərə və kollektivə differensial yanaşma metodu fayda və səmərə baxımdan perspektivli görünsə də, ümumilikdə təhsilin səviyyəsi, tələbələr arasında elmi biliklərin mənimsənilməsi, pedaqoji heyətdə müəllimin nüfuzunun qorunması baxımdan müşahidə edilən keyfiyyət itkiləri açıq-aşkardır. Bu zaman tədris prosesində diqqətçəkən sənədləşdirmə formalizmi, pedaqoq və tələbə münasibətlərində laqeydlik, fəaliyyətin imitasiyası faktları diqqət çəkir. Odur ki, Boloniya təhsil sistemini mütərəqqi hesab edənlər onun ölkəmizin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olması barədə ciddi düşünməli, bu sahənin təcrübəli mütəxəssisləri prinsipial mövqe bildirməlidirlər.
- Elə isə burada niyyət nədir?
- Burada əsas niyyət ümumavropa elm və təhsil sistemi yaratmaqla təhsil-təkmilləşmə səviyyələrinin, təhsilin modul sisteminin müəyyən edilməsi, mütəxəssislərin diplomlarının tanınması, dünyanın müxtəlif bölgələrində transmilli təhsilin aspektləri, Avropa məkanındakı əmək bazarına daxil olması və s. nəzərdə tutulur. Başqa sözlə desək, Boloniya prosesi adı alan proses Avropa ölkələrinin milli ali təhsil sisteminin struktur islahatlarını təmin edir. Həmin proses, dediyim kimi, başlıca məqsəd olaraq, məzunların Avropa əmək bazarında yer tapmasına təhsil və elmi dərəcələrinin, diplomlarının tanınmasına, ali təhsilin ikipilləli mərhələlərinin təsbit edilməsinə xidmət edir. Əgər nəzərə alsaq ki, Boloniya prosesi müəyyən mənada hamar yox, ziddiyyətlidir, bəzi məqamlarda isə açıq-aşkar anlaşılmazlıq doğurur, onda onun nöqsanlardan xali olmadığı üzə çıxır. Yəni, onun üstünlükləri kimi, zəif cəhətləri də mövcuddur. Məsələn, yaradıcılıq sahələri, o cümlədən aktyor ixtisası üzrə kadr hazırlığı işində magistr pilləsinin səmərəsi nədən ibarətdir? Nəzərə alsaq ki, məşhur Hollivud artistlərinin əksəriyyətinin heç ali savadı yoxdur, ABŞ, Yaponiya və Çin kimi bir sıra qabaqcıl ölkələr Boloniya sisteminə qoşulmayıbsa, bu fakt həmin ölkələrdə təhsilin geri qalması anlamına gəlmir, həmin ölkələrin məzunlarının diplomlarının Avropa məkanında tanınması, həmçinin Avropa əmək bazarında yer alması vacib hesab edilmir. Halbuki nəinki həmin ölkələrin, hətta qonşu Gürcüstanın sovet dövründə təhsil görmüş sənət adamları Avropa mədəni məkanında çalışmaq üçün dəvət alanda onların diplomu ilə kimsə maraqlanmır.
- Maraqlı mənzərədir...
- Maraqlı budur ki, Boloniya prosesinin nəzərdə tutduğu təhsil sistemi baza təhsilini, ya hər hansı alternativ təhsil konsepsiyasını məqbul saymır. Və guya həmin elm və təhsil islahatlarına əsaslanan təhsil sistemi daha mükəmməl olduğu üçün nəticələri heyrətamizdir. Halbuki təcrübə və konkret örnəklər həmin sistem əsasında təhsil alan məzunların dünyagörüşünün və biliklərinin, yumşaq desək, arzu edilən səviyyədə olmadığını sübut edir.
Əslində, problemin kökü ölkəmizin orta təhsil pilləsindəki tədris prosesi ilə bağlıdır. Çünki məhz orta təhsil məktəblərində tədrisin ciddi pedaqoji əsaslar üzərində qurulmadığı dərsliklərin məzmun səthiliyindən başlamış fənlərin və dərs saatlarının düzgün müəyyənləşdirilməməsi və orada tədris metodikasının natamamlığı, eləcə də pedaqoji kadrların yüksək elmi-nəzəri, professional meyarlar nəzərə alınmadan seçilib yerləşdirilmədiyi səbəbindən ali məktəb abituriyentlərinin ümumi bilik səviyyəsi ildən-ilə aşağı enir. Qəribədir ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanlarından müvəffəqiyyətlə çıxan və tələbə hüququ qazanıb bədii yaradıcılıq ixtisasını seçən gənclər orta məktəb səviyyəsində belə nəinki dünya mədəniyyəti ilə bağlı, hətta milli folklorumuz, tariximiz, dilimiz, mədəniyyətimiz barədə məqbul sayılmayacaq səviyyə nümayiş etdirirlər. Bəzilərinin diqqətindən yayınan, bəlkə də, əhəmiyyətsiz saydıqları bu mənzərə pedaqoji sahədə çalışan mütəxəssislərin gündəlik müşahidə etdikləri reallıqdır.
- Elə isə, klassik “nə etməli” sualı yaranır.
- Ümummilli lider Heydər Əliyev təhsilin millətin gələcəyi üçün fövqəladə əhəmiyyətini dəfələrlə qeyd edirdi. Yəni, gələcəyimizin necə olacağı bugünkü təhsilin səmərəsindən başlıca asılı olduğu həqiqəti konkret əməli fəaliyyətlə işarələnməlidir. Yəni bu sahə ilə məşğul olan səlahiyyət sahibləri yüksək məsuliyyətlə vəziyyətin uğurlu perspektivə dəyişməsinə nail olmalıdırlar.
- Siz rejissura tarixinə dair kitabların, ayırı-ayrı rejissorların yaradıcılığına dair monoqrafiyaların, aktyor təliminə dair dərsliklərin müəllifisiniz. Amma deyəsən sonrakı nəslin fəaliyyəti yalnız ara-sıra məqalə yazmaqla məhdudlaşır. Nə ilə bağlıdır bu?
- Bu bir qədər mübahisəli mülahizədir. Çünki kitab, yaxud dərslik yazmaq ucdantutma hamıya aid ediləcək vəzifə olmayıb, böyük təcrübə, həmçinin pedaqoji səriştə tələb edən işdir. Orta məktəblərimizdə istifadə edilən dərsliklərin hazırkı səviyyəsi bunun əyani sübutudur. Sonrası, yəni həmkarlarımın məqalə, yaxud resenziya yazması ilə kifayətlənmələrinə gəlincə, bu operativ yaradıcılıq fəaliyyəti olduğu üçün ona daha geniş yer verilir. Əslinə qalsa, həmin fəaliyyət məhəbbət məsələlərində olduğu kimi, qarşılıq tələb edir. Yəni teatr prosesinin zənginliyi təbii olaraq tənqidin fəaliyyət ahənginə təkan verib onun intensivliyini labüdləşdirir.
Sizin sözünüzə bir qədər düzəliş verib deməliyəm ki, mən hələ dərslik yazmamışam. Yəni, dərs vəsaitləri, metodik vəsaitlər, ayrı-ayrı fənlər üzrə proqramlar yazsam da, hələ ki ayrıca dərslik yazmamışam və bu işi çox məsuliyyətli, həm də mürəkkəb yük hesab edib qaldıra biləcəyimə arxayın deyiləm.
Burasını da deyim ki, məqalə yazmağın özü də asan iş deyil. Yetər ki, qaldırılmış problemlər, toxunulan məsələlər əhəmiyyətli məzmun daşısın və hər hansı sahəyə konkret fayda vermiş olsun.
- İsrafil müəllim, ötən il həm də Teatr Forumu kimi ölkə miqyaslı mədəniyyət tədbirinin keçirilməsi ilə əlamətdar oldu. Forumdan təəssüratlar şəxsən mənim üçün xeyli məyusedici oldu. Elə göründü ki, bu gün Azərbaycan teatrının yalnız peşəkarlıq deyil, həm də amal-meyar problemi var...
- Haqlısınız. Amma gerçəkləri dürüst dəyərləndirsək, bunun yeganə problem olmadığını və qaynaqlandığı silsilə səbəbləri aşkarlaya bilərik.
Əlbəttə, teatr sənətimizin hazırkı vəziyyəti ilə bağlı ayrı-ayrı müzakirələr, fikir mübadilələri, istəsəniz lap forumlar keçirilə bilər. Amma bəlli beynəlxalq təcrübəyə istinadla deyə bilərəm ki, heç bir iclasla, forumla mövcud vəziyyətin yaratdığı problemləri həll etmək mümkün deyil. Necə deyərlər, hər ağızdan bir avaz gəlirsə, bilən də, bilməyən də danışırsa, əsl həqiqətdən uzaqlaşmaq riski artmış olar.
Hazırkı halda, mövcud vəziyyətin dözülməzliyi, teatrlarda, əsas etibarilə yaradıcılıq potensialının zəifləməsi, ifaçılıq sənətinin aşağı səviyyədə olması bu sahədə diqqətdən kənarda qalıb, hərc-mərcliyə gətirib çıxarması bu sahəyə səriştəsiz rəhbərlik edilməsi ucbatından teatrın cəmiyyət qarşısında öz əzəli missiyasını yerinə yetirə bilməməsi faktı etiraf edilməlidir. Yəni, ara-sıra hazırkı mətbuat səhifələrində bəzilərinin məddahlıq səyləri ilə yaradılan süni uğur illüziyasının əhəmiyyətsiz olduğu qənaəti dərk edilməlidir.
Bu sahəyə məsul olan şəxslər danışmaq yox, konkret əməli tədbirlər həyata keçirməlidirlər. Onu da deyim ki, mən bir zamanlar optimist olmuş adamam. İndiki vəziyyətdə səlahiyyət sahiblərinin müşahidəçi mövqeyini görüb vəziyyətin dəyişəcəyinə bir qədər inamım yoxdur.
- Bəlkə, bizdə teatrın məhdudluğu – onun cəmiyyətə, düşüncə müstəvisinə, estetik təcrübəyə çata bilməməsi – bəlkə, hansısa istisnalar var – beynəlxalq teatr mühitindən uzaq olmasıdır? Siz bayaq dediniz ki, beynəlxalq teatr aləmi ilə sıx əlaqələriniz, əməkdaşlıq münasibətləriniz var...
- Bəli, elədir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, Polşa, Çin, Rusiya, Türkiyə, Şimali Kipr, Moldova və b. ölkələrdəki həmkarlarımla əməkdaşlıq münasibətlərim var. Ayrı-ayrı teatrların Qazaxıstanın, Türkiyənin, Tatarıstanın, Gürcüstandakı Azərbaycan teatrının, o cümlədən İranın Ərdəbil, Təbriz və s. teatr kollektivlərinin yeri gəldikcə müxtəlif festivallarda iştirakına, qastrol səfərlərinin təşkil edilməsinə bacardığım qədər kömək edirəm.
- Bəs ölkəmiz üçün bu sahədə etdikləriniz varmı?
- Əlbəttə. Sadəcə, dövlət teatrları olduqları üçün onların müxtəlif festivallarda iştirakı maliyyə sıxıntısı səbəbindən hər dəfə mümkün olmur.
- Öz nüfuzunuzdan yararlanıb bir iş görmək olmazmı?
- Bilirsiniz, bütün festivallarda bir qayda olaraq qonaqların xərcləri təşkilatçı tərəfə aid olsa da, yol xərcləri iştirakçı tərəfin üzərinə düşür. Bəzən bu məsələni dediyiniz kimi, nüfuzdan yararlanıb həll etmək olur. Məsələn, neçə il bundan qabaq Qazaxıstanın Aktau şəhərində keçirilən festivalda “Yuğ” teatrının iştirakına, Tatarıstanın Qazan şəhərindəki tələbələrin “Novruz” festivalında Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin iştirakını təmin etmək mümkün oldu. Bu məsələ hər hansı festival təşkilatçılarının maliyyə siyasətinə aid olduğu üçün qeyd etdiyim faktları istisna kimi dəyərləndirmək lazımdır.
Bundan başqa, ayrı-ayrı illərdə sənətçilərin yaradıcılıq əməkdaşlığına da bacardığım qədər dəstək vermişəm. Məsələn, rejissorlar Mehriban Ələkbərzadənin Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət Teatrında, Nicat Kazımovun, Tural Mustafayevin Qaqauz Dövlət Teatrında, Mikayıl Mikayılovun, Ərşad Ələkbərovun, Turqay Vəlizadənin Qazaxıstanın Karaqanda Dövlət Teatrında tamaşa qoymaq üçün dəvət edilməsi məhz həmin teatr rəhbərləri ilə qurulan şəxsi münasibətlərimizlə mümkün olmuşdur.
- Həmin fəaliyyətiniz bu gün də davam edirmi?
- Bəli. Hazırda Türkiyə, Polşa, Qırğızıstan, Özbəkistan, Hollandiya, Şimali Kipr Türk Cümhuriyyəti, Tacikistan, Qazaxıstan və s. ölkələrdəki həmkarlarımla ölkəmizin müxtəlif teatrları arasında yaradıcılıq əməkdaşlığı, beynəlxalq teatr festivallarında iştirak, qarşılıqlı qastrollar, rejissor və rəssam sənətçilərin dəvətləri ilə bağlı razılıq əldə edilmişdir. Əlavə edim ki, yuxarıda qeyd etdiyim əməkdaşlıq işlərində ölkəmizdə fəaliyyət göstərən özəl teatrları da nəzərdə tuturam. Çünki yeni yaranan özəl teatrların uğurlu gələcəyinə çox inanıram.
- İsrafil müəllim, bu yaxınlarda Bakıda Birinci TÜRKSOY beynəlxalq festivalı keçirildi. Festivalı necə qiymətləndirirsiniz? Əhəmiyyəti nədədir? Festivalda yalnız TÜRKSOY-a üzv olan ölkələrin iştirakı bir az məhdudluq gətirmir ki?
- Yox, məhdudluq gətirmir. Çünki bu festivalın təşkilatçılıq təşəbbüsü və dəstəyi TÜRKSOY təşkilatına məxsusdur. Bu layihə həmin festivalda türkdilli ölkələrin teatr kollektivlərinin iştirakını nəzərdə tutur. Yəni, başqa formatda keçirilən beynəlxalq teatr festivallarının təbii olaraq iştirakçıları müxtəlif coğrafiyaların təmsilçiləri ola bilər. Bu baxımdan TÜRKSOY-a üzv olan ölkələrin festivaldakı iştirakı mövcud çərçivədə götürülür. Növbəti festivalın bu ilin oktyabr ayında Türkmənistanda keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, “Türksoy”un təşəbbüsü ilə həmin təşkilata daxil olan ölkələrin səhnə sənəti üçün kadr hazırlayan ali məktəblərinin tələbə tamaşaları festivalı ötən il Özbəkistanın paytaxtında təşkil edilmişdi. Bu ənənəvi festival Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə cari ildə Bakıda keçiriləcək.
- İsrafil müəllim, bir ədəbiyyat adamı kimi hiss edirəm, ədəbiyyat incəsənətdən ayrılıb sanki. Necə baxırsınız buna?
- Mən onun siz deyən kimi ayrıldığını deyə bilmərəm. Sadəcə, hərə öz evinə qapılıb, fəaliyyətini davam etdirir. Bir zamanlar cəmiyyətimizdə ədiblər, musiqiçilər, rəssamlar, teatr və kino xadimləri tez-tez görüşür, əməkdaşlığa səy edirdilər. Çağdaş dövrümüzdə cəmiyyətimizin içində yaradıcı və elmi ziyalılar arasında bağlılıq getdikcə nisbi şəkil alır. Ədəbiyyat və teatr münasibətlərinə gəlincə, teatr dramaturgiyadan professor C.Cəfərovun təbirincə desək, “incikli qalır”. Çünki dramaturji əsərlərin qıtlığı teatrın bədii-estetik dilini kasıblaşdırır.
- Ədəbiyyat teatra diqqətsizdir, bəlkə, teatr özü ədəbiyyata maraq göstərsin. Yəni yalnız dramaturgiya ilə deyil, bütünlüklə ədəbiyyatla maraqlansın, orada gedən tendensiyaları izləsin. Elə bil, rejissorlar qeyri-dram əsərləri oxumağa həvəsli deyillər...
- Mən belə deməzdim. Sadəcə, intellektualların sayı azalır, sırası seyrəlir. Mütaliəyə vaxt ayırmağa həvəsli olanlarımız, xüsusilə gənclərimiz getdikcə az-az gözə dəyir.
- Bəs yeni nəslin dramaturgiyası necə yaranır?
- Kortəbii. Bilirsiniz, stimul, yaxud motivasiya ifadələri, sadəcə, dəbə görə yaranmayıb. Hazırda milli dramaturgiyanın boy verib meydana çıxması üçün ciddi işlər görülmür. Ötən əsrin ortalarında Azərbaycan KPMK-nın bu sahənin inkişafına yönələn plenum qərarı olmuş və onun gözgörəsi nəticələri teatrların repertuar zənginliyini təmin etmişdi. Yaşadığımız indiki çağda həm Mədəniyyət Nazirliyi, həm Yazıçılar Birliyi, həm də Teatr Xadimləri İttifaqı mövcud vəziyyətə müşahidəçi münasibəti başlayırlar.
Bu gün dramaturji fəaliyyət göstərən yeni nəsildən olan və kifayət qədər uğurlu əsər müəllifləri kimi tanınan yazarlarımız var. Fikrimcə, İlqar Fəhmi, İsmayıl İman, Pərvin Nurəliyeva, Mehman Musabəyli, Ülviyyə Heydərova, Jalə İsmayıl, Şəbnəm Xeyrulla, Cavid Zeynallı, Tural Cəfərov kimi yazarlar milli səhnə sənətimizin inkişafını təmin edə biləcək yetərli yaradıcılıq potensialına malik dramaturqlardır. Amma ölkəmizin 27 teatrına hər teatr mövsümündə 27 orijinal pyes lazımdır. İstedadlı qələm məhsulu olan bu sayda pyeslərlə teatrların təmin edilməsi uzun illər boyu həllini gözləyən problemdir.
Dramaturgiya fərqli fəaliyyət sahəsidir. Pyes ədəbiyyat növüdür, amma o, səhnə qanunlarına müvafiq qaydada yazılır. Yəni ədəbiyyatla teatr qoşa qanad kimidir. Məhz böyük ədəbiyyat yeni ideya, yeni baxış bucağı gətirməklə teatrı çağdaşlığa yönəldir, teatrın yüksəlməsinə yol açır.
Mənbə: Kulis.az
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur