Aydın Talıbzadə - Toy
İnsan ömrü üç önəmli nöqtə ətrafında “rəqsdir”: doğum, toy, ölüm. Və mən fəlsəfə açıb bu mövzuda risalə yazmaqdan, ritualdan-filandan danışmaqdan çox-çox uzağam. Onsuz da bütün kainat, kosmos ər-arvad, in-yan, luh-muhavi şəklində mövcuddur, əbədi izdivacdadır.
Onda dünyanın özü toyxana olur ki?
Azərbaycanlılar isə “toyxana” təzahürünün avanqardı?
Genetik yaddaşımız bizi xəbərdar eləyir ki, Azərbaycan əhalisi toyxananı çox sevir. Axı, biz xərabət əhliyik; meyxana, toyxana, çayxana qanımızda, iliyimizdə. Əsrlərdən bəri qırx gün, qırx gecəlik toylar çaldırmışıq, toylarda aşıqlar dinləmişik, aşıq havasına dingildəmişik, toyu folklor teatrına çevirmişik. Odur, bir növ adətkərdəyik: toysuz darıxırıq; məhərrəm ayı başlayandan barmağımızı götürüb günləri sayırıq, toylarımızın üzünü cırmaq-cırmaq eləmiş pandemiyanın bitməsi üçün hər gün dualar eləyirik.
Toyxana biz azəri türklərinin bir nömrəli kef, əyləncə yeri. Qəribədir, hərdən məndə belə bir təəssürat yaranır ki, bütün Azərbaycan əhli “başına döndüyüm toy adamları”dır (M.P.Vaqif) və bu adamlar teatra, konsertə, kinoteatra da toya gedən kimi gedirlər, toy “xətkeşi”ni ciblərinə qoyub gedirlər, hər yerdə elə permanent toy umurlar, toy axtarırlar...
Müşahidə eləmişdim, elə ki, məhəllədən vağzalı sədası eşidilərdi, məndən başqa hamı, qocası, cavanı, uşağı hücum çəkərdi küçəyə: sanki ömürlərində toy görməmişdilər. Bizdə toy vurdurmaq, toy çaldırmaq həvəsi cəmi millətlərdən artıq: hətta bir kimsəni hədələmək istəyəndə də biz barmağımızı silkələyib “baxarsan, sənə nə toy tutacağam” ifadəsini işlədirik. İtirilən mal-dövlətin, çəkilən xərc-xiracətin ağrısına tablamaqdan ötrü isə dədə-babalarımız “toy deyiblər ki, adamın bağrı çatlamasın” cümləsilə özlərini ovundurublar...
Hərçənd pandemiya göstərdi ki, toysuz da, yassız da yaşamaq mümkün... Sadəcə, toy da, yas da milli teatr mədəniyyətinin iki fundamental qütbünün mayası, özəyi: onlardan birində “Leyli və Məcnun” operası qərarlaşıb yas arxetipinə fokuslanır, o birində - “Arşın mal alan” mövqelənib toy arxetipini eyhamlaşdırır.
CAR
Bax, elə bu çılğın söhbətlərin müstəvisində görək, nə deməkdir TOY, kimə lazımdır və onun semantik çənbərini hansı energetik özək, cövhər müəyyənləşdirib? Əvvəla, toy iki nəslin sövdələşməsi aktının, bərabərhüquqlu dəyiş-düyüş sənədinin ictimai möhürüdür, təsdiqidir, saziş şahidliyidir. İkincisi: əbəs deyil ki, Anadolu türkcəsində səs “OY” adlandırılır. Mən də “toy” sözünü ətrafı bürümüş səs, çoxlu səs, gücləndirilmiş şadyana gur səs kimi mənalandırıram. Azərbaycan dilinin qrammatikası “T” hərfini kar samit kimi təsnif eləyir. Hərçənd mən “T” da heç bir karlıq görmürəm: adamın qulağını “deşir”. “T” samiti “sərt”dir, mütəmadi taqqıldayır, təsəvvürə həməncə təbil çubuqlarını, Qobustanın qaval daşını gətirir. Sanki türkçülük bir tək “T” samitinə sığışa bilir və haradasa bu samit türkün energetikasını, plastikasını obrazlaşdırır.
Bu prizmadan yanaşanda görürsən ki, “oy” yumşaq, kiçik səsdir, ”toy” isə əksinə, bilərəkdən zərblə çıxarılan böyük səsdir, coddur. “T” samiti sanki təbil çubuğu kimi “oy”a dəyib onun səsini artırır, ucaldır. Bunun da səbəbi odur ki, TOY İZDİVACIN, NİGAHIN REKLAMIDIR, TOPLUMA İKİ NƏFƏR (AİLƏ, NƏSİL, TAYFA, QƏBİLƏ) ARASINDA BAĞLANMIŞ MÜQAVİLƏ HAQQINDA GÖNDƏRİLƏN MESAJDIR.
Doğrudan da, içimdə belə bir qənaət var ki, “toy”, “boy”, “soy”, və habelə, rusların “poy”, “voy”, “roy” sözləri “oy”dan törənib; yəni “oy” mərkəzdir, energetik nüvədir, özək-mənadır. “Oy”la “toy” məsafəsində “boy” bir mərhələdir: bundan ona, yəni oydan boya keçidi işarələyir. Boy olmasa, toy olmur. Boy toy üçün bir meyardır, ölçüdür. Əgər belə demək mümkünsə, “boy” “oy”un çoxaltma, “soy” isə azaltma dərəcəsidir. Həqiqətən, soya-soya gedib soya (soykökə) çatmaq mümkündür. “Toy” isə “oy”un şiddətidir; yəni “oy” üçün bundan yuxarısı yoxdur. Mən elə bilirəm ki, rusların “poy” kəlməsi “səsi (“oy”u) bəzə” kimi bir mənanı özündə qapsayır. Rus dilində canavar ulartısı kimi anlaşılan “voy” sözü səsin müdhişliyinə, tənhalığına bir eyhamdır. Rusca arının yuvasına, yəni vızıltının çox olduğu yerə “roy” deyilir. Sözlərin quruluşunda və mənasında aparıcı fraqment yenə həmin “oy”dur ki, “oy”...
Hərçənd bu, primitivcəsinə aşkar görünən qat. Belə ki, məsələnin mürəkkəb tərəfləri də mövcud. “Oymaq”, “oynamaq” sözlərinin mənaları da toyla ilişikli. OY-MAQ “qəbilə”, “nəsil” deməkdir, yəni bir səsdən olanları bildirir. Elə qadınla intim münasibətdə olmaq da qadını “oymaq” deməkdir, oyub da nəsil artırmaq deməkdir. Torpaqda yuva qurmaqdan ötrü oranı oymaq gərək. Yuvanı oyursan və ya hörürsən ki, oradan oy gəlsin, səs çıxsın. Yuva oy yeridir. Səssiz yuva atılmış, tərk edilmiş yuvadır. OY-NA-MAQ-LA da belədir ki, insan ancaq səsə oynayır. Səs gəlməlidir, oy olmalıdır ki, oynamaq olsun. Bu “ləzzətli” etimoloji süsləmələrə bir nişan qoyub samanın zamanını gözləmək ümidilə onları “atıram” bir kənara və qayıdıram mətləbə...
VAR
Toy ailəyə aid bir sevinc olayını və son dərəcə ciddi nigah sazişini, nigah müqaviləsini ictimailəşdirmək, el-obaya xəbər yaymaq, topluma səs salmaq, bir oğuz süfrəsi arxasında təzə qohumların ünsiyyətini təşkil etmək, əqrəba nümayəndələrini bir-birinə isinişdirmək, köhnə tanışlarla əlaqələri möhkəmlətmək, yenilərini tapmaq vasitəsidir, tayfanın, qəbilənin böyüməsinin, artmasının şərtidir və bu mənada bəylə gəlindən daha çox onları əhatə edən adamlara lazımdır. Toy iki tayfanın, qəbilənin, nəslin əvvəlcədən təşkil edilmiş GÖRÜŞ yeridir, ÜNSİYYƏT yeridir. Bu görüşün, yəni toyun, məramı təkcə bol-bol yemək, əylənmək, şadyanalıq etmək, atılıb-düşmək yox, bəylə gəlinə onların arxalı, qohumlu-qardaşlı olduqlarını göstərməkdir. İdeya budur ki, biz varıq və bizim varımız var. Ona görə də Azərbaycanda TOY bir günün işi deyil, mərhələ-mərhələ yaşanılan çətin bir prosesdir. Nədən ki, dürlü-dürlü ayətləri keçmişimizdən bəllidir. Bu mənada toya “hə” deməyinə dəyər.
Bir də ki “varlığa nə darlıq”... Adam nə qədər çox dövlətli olursa, toyu da bir o qədər dəbdəbəli olur, səsi çox çıxır: yəni pulum da var, qohumlarım da, tanışlarım da. Ona görə sizi partlayanacan yedirdib-içirdəcəyəm ki, hara getsəniz məndən danışasınız, məni və ailəmi öyəsiniz. Belə yeyib-içmək kultu da, bu təhər jest mədəniyyəti də, bu cür ədalar da qədim oguzlardan bizlərə miras qalmayıb bəyəm?
Ona görə toylara “yox” deyə bilmirik: “Arzular” mahnısının melodiyası da qulaqlarımızda cingildəyib bizi bir tərəfdən kövrəldir...
Hərçənd... bütün xalqların toy adətləri mövcuddur: sadəcə, heç bir xalq bu adətləri fantastik dərəcədə şişirdib, fetişləşdirib bu yöndə bazar açmır, heç kimi məcbur eləmir ki, sən də belə elə; demir ki, başqa cür eləsən, ayıb olar. Hərə istədiyi kimi, ona xoş olan kimi evlənir.
Müasir Azərbaycanda isə toy təkcə toy deyil, həm də sosial status bildiricisidir; haradasa qeyri-rəsmi məcburiyyətdir, absurddur, ictimai psixozdur, yarışdır.
AR
Amma və lakin...
Toy bugünün çox sərfəli biznesidir. Bu biznes elə-belə yaranmayıb: onu azərbaycanlıların toy görməmişliyi yaradıb, toy tələbatı yaradıb və hətta haradasa bazar iqtisadiyyatı yaradıb. Bakıda az qala məktəblərin sayı qədər şadlıq sarayı, restoran fəaliyyətdədir və yüzlərlə yeniyetmə orta təhsilini tamamlayıb məhz bu şadlıq saraylarında, bu restoranlarda özünə iş tapır, qarsonluq eləyir, özü də kütləvi şəkildə... Kimi dindirirsən, öyrənirsən ki, o, ya qarson kimi çalışır, ya da onun nə vaxtsa qarsonluq təcrübəsi olub. Burada pis, ayıblı bir şey yoxdur: adam pul qazanır, ailə dolandırır, gündüz oxuyub axşam ora-bura xörək paylamağa, masa arxasında kimlərəsə qulluq eləməyə ərinmir. Ancaq bir də ayılırsan ki, camaatın əksəsriyyəti dünyanı artıq qarson kimi, qarson təfəkkürü ilə qavramağa alışıb.
Digər bir arqument. Görün bir, toylar nə qədər insanı yaşadır: aşpazları, bazar əhlini, kənd təsərrüfatı ilə məşğul olanları, şoferləri, musiqiçiləri, müğənniləri, böyük xidmət personalını. İşsizliyin qarşısında sipər kimi dayanıb toy. Deməli, Azərbaycan iqtisadiyyatında toy biznesi mühüm bir sektor kimi özünü aparır və dövlətə heç nədən küllü miqdarda vergi ödəyir. Aha, əgər belə isə, toylar dövlətdən asılı deyilsə, onda onları maliyələşdirən kimlərdir? Bizik, hamımızıq, istisnasız-filansız və heç kəs də yaxasını kənara çəkməsin. İstədik-istəmədik, biz toy biznesinin iştirakçılarıyıq.
Pandemiya isə bizi aşkar tərəddüdə salır.
Busa aşkar psixoz əlamətidir: hamı necə, mən də elə... “palaza bürünmək” məsələsi... “Elnən gələn bəla”nı toy-bayram kimi daha hansı xalq qəbul eləyə bilər ki?
Və bu, əslində, toya gedən fərdin psixozudur: çünki nə “hə” deyə bilir, nə də “yox”; sakitcə dəvətnaməni büküb cibinə qoyur və bir siqaret yandırıb Sizif (A.Kamyunun “Sizif hsaqqında mif” essesinin qəhrəmanı nəzərdə tutulur) kimi dərin fikirlərə qərq olur yazıq. “Getməsəm, nə deyərlər?” qorxusu onu anbaan psixoza sürükləyir və sonucda o, başqaları kimi olub toya getmək qərarını tərcih edir. Busa sonucda ictimai psixoza rəvac verir: yəni mən də hamı kimi...
Pandemiya azərbaycanlıların beynindən, ruhundan, emosiyalarından toyu qova bilmədi. Biz bir ildən də çox toy həsrətilə yaşayan xalq olduq, toyu heç bir gün də unutmadıq. Heç bir xalq körpə balanı əzizləyəndə demir ki, “toyunu görək, toyuna gələk, toyunda oynayaq”. Bu arzu özünə ömür qarantlamaq, ömür arzulamaq kimi bir şeydir. Həqiqətən, Azərbaycan xalqının yaşamaq gücü heyrətamizdir.
Toy və yas azərbaycanlıların emosional yaşantılarının partlayış qütbləridir, onların psixologiyasının rentgenidir.
Bunun qarşısında pandemiya tablaya bilərmi?