mehemmed-aga-sahtaxtlinin-milli-maarifcilik-ve-siyasi-ideoloji-baxislari
Müəllif: Publisist.az /Tarix: 2021-03-18 /Oxunma Sayı: 1005

Məhəmməd Ağa Şahtaxtlının milli maarifçilik və siyasi-ideoloji baxışları

M.A.Şahtaxtlının fikrincə, Rusiya millətləri arasında bütün cəhətlərə görə geri qalmağımızın, mədəniyyətmizin, məktəblərimizin, ədəbiyyatımızın olmamasının günahkarı da din alimləridir: “Üləmamızdır, əlbəttə üləmamızdır. Bunlar dinimizi, axirətimizi, ölümümüzü, orucumuzu, namazımızı, Quranımızı, təfsirimizi unutmamalıdırlar. Bizim üçün mexanika, fizika, tematika, finlar fənlər öyrənib, bizə təzə elmlər tədris etməlidirlər. Əqaidi-dinyədən daha çox avropalıların sosial (cəmiyyət) ülumunu bizə öyrətməlidirlər”.[1] O yazırdı ki, axirət dünyası ilə uğraşan din alimlərindən dünyəvi elmləri öyrənmək istəyi isə səhv arzu olardı: “Dünya işlərimizi dünya alimlərimiz yapmalıdır ki, bu qism alimlərin heyətinə yevropalılar “intelliqensiya” deyirlər”.[2] Yəni din üləmaları deyil ziyalılar dünyəvi elmləri, dünya işlərini insanlara çatdırmalıdır ki, onun fikrincə, ziyalılar da millətin ən nüfuzlu sinfindən, sözləri millətləri tərəfindən ən çox eşidilən təbəqələrindən çıxmalıdır: “Bizim millətimizin içində ən çox nüfuzlu sinif ikidir: biri üləmadır, o biri nücəba. Üləmanın dünya işlərinə uğraşmaycağını biz keçən gün söylədik. Nücəbamız isə bizim Zaqafqaz məmləkətində qövmümüzün, cinsimizin, millətimizin dərdi ilə çox az müqəyyəddir. Bizim nücəbamız xanlar vaxtı və İran səltənəti zamanında məmləkətlərimizi idarə etmiş əsli və irsi məmurların, xan müqərriblərinin, xan əmələlərinin varisləridirlər ki, irəli zamanlardakı sinfi adətlərini və millətə və əhaliyə görə olan rəylərini və nəzərlərini indiyə kimi saxlamışlar. Bunların işi əhalinin dərdinə dərman etmək deyil, bəlkə əhaliyə əllərindən gəldiyi qədər cəbr və zülm etməkdir”. [3] Onun fikrinə görə, nücəbalar arasında tək-tük millətini sevənlər bulunur ki, amma bir gül ilə bahar olmaz: “Baharımız o vaxt olur ki, millətimizin maarifli qismi öz vəzifəsini millətimizin içində maarifi, elm və dəbi və Avropa üsulu təəşşi təmimdə görüb, var qüvvətilə bunları millətimizin içinə idxala sərf edə. Bu baharımız zənnimizcə o vaxt başlana bilər bilər ki, Asiya zülm və istibdadın varisləri olan indiki xeyirsiz və millətə əziyyəti çox olan nücəbamız qismindən nüfuz və iqtidar tüccar (tacirlər) sinfinə keçə ki, ziyalılarımız bu son sinifdən çıxa”. [4]

Türk-müsəlman xalqlarının mövcud problemlərdən xilası və inkişafı üçün qərbləşməyi əsas prinsip hesab edən Şahtaxtlı bu yolda “İslam birliyi” ideyasını əngəl kimi görüb, üstəlik Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadəni və başqalarını da “panislamizm”ə çalışmaqda ittiham etmişdir.[5] O, ümumiyyətlə, İslam birliyini baş tutmasını mümkünsüz sayırdı. Şahtaxtlının fikrincə, panislamizmin mənəvi zərəri xristian dövlətlərini, Avropa mədəniyyətini müsəlmanlara düşmən göstərməsi, bu mədəniyyəti qəbul etməyə əngəl olmasıdır. [6] Bununla da Şahtaxtlı Ə.Ağaoğlu, Ə.Topçubaşov başda olmaqla islamçı-türkçü ideoloqları qeyri-səmimilikdə ittiham edir, onları islamçılığın və türkçülüyün qabaqcılları kimi görmədiyini qeyd edirdi.[7] “Şərqi-Rus”da dərc olunan “Mərdan bəyin mərdanəliyi”, ““Kaspi” qəzetinə cavabın axırı” məqalələrində [8] Şahtaxtlı yazırdı ki,  onların ideyalarının tərənnümçüsü olan “Kaspi” qəzeti rus qəzeti olduğundan onun mühakiməsi rus cəmiyyətinə aiddir.[9] Şahtaxtlı başqa bir məqaləsində isə qeyd edirdi ki, “Tərcüman”ın yazdığı kimi “Şərqi-Rus” “İslam birliyi” ideyasının tərəfdarı olub Rusiya dövlətinə qarşı deyildir. Əksinə, “Şərqi-Rus” “İslam birliyi” ideyasını tənqid edərək, dünya müsəlmanları arasında belə birliyin baş tutmasını mümkünsüz hesab edir.[10]

M.Şahtaxtlının bu cür mövqeyinə qarşı çıxan H.Vəzirov, Ə.Ağaoğlu, Ə.Topçubaşı, Ə.Hüseynzadə və başqaları onu mili və dini birliyi parçalamaqda ittiham edirdilər. Məsələn, Haşım bəy Vəzirov yazırdı ki, M.Şahtaxtlı “Şərqi-Rus” çıxmamışdan öncə bir məqaləsində yazırmış ki, Türk dilində qəzet çıxartmaqda məqsədi Rusiya müsəlmanlarını islam dünyasının başqa nöqtələrinin  nüfuzundan qurtarıb, Rusiya təxt-nüfuzuna salmaqdır. Buna etiraz edən müsəlmanlar, ondan nə səbəbdən Rusiya müsəlmanları ilə başqa müsəlamanları arasında bir pərdə çəkmək istədyini soruşanda cavab verib ki, Rusiya dövlətini aldadıb, müsəlman qəzeti çıxartmaq istəyir. Rus tərəfindən sual olunanda yenə əvvəlki mövqeyini ifadə edirmiş.[11] Xüsusilə, M.Şah­­taxtlının “hər bir şəriət zaman və məkanilə məhdudur, heç bir şəriət tabeləri tərəfindən səmavi də hesab olunsa, əbədi və küll ola bilməz” fikrini tənqid edən H.Vəzirov bütün bunları küfr və ruspərəstlik kimi qiymətləndirirdi. [12]

Mirzə Şərif Mirzəyev də hesab edir ki, Şahtaxtlı hakimiyyət tərəfindən təyin edilmiş redaktor olduğunu, qəzetin isə rəhbərliyin göstərişi ilə fəaliyyət göstərəcəyi faktını hər dəfə öz əli yazmışdır: “M.A.Şahtaxtinskini hər zaman yaxşı, lazım gələndə isə yaltaq olması ilə tanıyanlar, əvvəlcə onun cəsarətinə heyrətlənirdilər. Bütün Qafqaz türk intellegensiyasını əsassız olaraq siyasi etibar­sızlıqda günahlandırması müsəlman cəmiyyətini onun yolverilməz cəsarətində həqiqəti axtarmağa məcbur etdi”. [13]  Bu həqiqət isə ondan ibarətdir ki, dünyada və ölkədə baş verən hadislər fonunda Qafqazda türk dilində qəzetin açılmasına zərurətin yarandığını görən çar Rusiyası “hakimiyyət üçün xeyirli türk qəzeti” yaradacaq komissiya təiyn etmiş, həmin komissiyada yekdil olaraq Şahtaxtlının üzərində dayanmışdır. [14] Doğrudan da, Qafqaz Senzura Komitəsi “Şərqi-Rus” qəzetinin nəşrinə icazə verilməsində bunu nəzərə almışdır: “Buna icazə vermək lazımdır ki, Türkiyədən Azərbaycana çoxlu qəzetlər gəlir. Ana dilində qəzetlər olmadığından onları oxuyurlar. Əgər biz icazə verməsək, burada panislamizm, pantürkizm güclənər. “Şərqi-Rus”a icazə verək ki, onun qarşısını alsın”. [15]

M.Ş.Mirzəyevin fikrincə, Şahtaxtlı ilk gündən “redaktor və naşir hüquqlarını” H.Tağıyevin sərancamına verdiyini bəyan etsə də, məşhur xeyriyyəçi qəzetin əsil məqsədini bildiyi üçün, redaktorun xahişini nəzakətlə rədd etmişdi. [16] O, isə bu etirazı çox pis təhqir kimi qəbul edərək Tağıyevə böhtan dolu məqalələr həsr etmişdir. “Kaspi”də Şahtaxtlının həmin məqalələrinə cavab olaraq yazılırdı: “Bu məsələlər müsəlman intellegiyasını çox pərt edirdi. Çünki Şahtaxtinski onların məhrəm hisslərini təhqir edirdi. Redaktor-naşir şəxsi söhbətlərdə və qəzetindəki materiallarda rəsmi mühitlə sıx əlaqəsinin olduğunu və bu səbəbdən nəşrinin yuxarı sinif tərəfindən bəyənildiyini açıq eyhamlarla bildirirdi”. [17]

Bu qəzet nəşr olunduğu ilk günlərdə Ə.Topçubaşov və Ə.Ağaoğlu bu hadisəni alqışlamışdır.[18] Ancaq M.Şahtaxtlının tutduğu yol onları qarşı-qarşıya qoymuşdur ki, Ə.Ağaoğlu bunu açıq şəkildə yazırdı: “Bir neçə həftə ərzində qəzetin xarakteri, istiqamət və ifadə tərzi tam məlum oldu. Və artıq təəssüf hissi ilə deyə bilərik ki, “Şərqi-Rus” qarşıya qoyulan məqsədlər baxımından lazımi yüksəklikdə dayanmır. Qəzetin tonu etik və praktik baxımdan arzuedilməzdir, tutduğu istiqamət isə onu mütələq məhv edəcək”.[19] Ağaoğluya görə, “Şərqi-Rus” bundan xilas olmaq üçün, cəmiyyəti Qərb dəyərləri ilə tanış etməklə yanaşı, Şərqin tarixi-fəlsəfi cəhətdən öyrənilməsinə, həmvətənlərininin dünya­ya baxışının və mənəvi həyatının yeniləşməsinə də öz töhfələrini verməli, milli-demokratik istiqamət götürməli idi.[20] Prof. Vilayət Quliyev haqlı olaraq yazır ki, Ə.Ağaoğlunun  “Şərqi-Rus”u tənqidi elmi və obyektiv xarakter daşıdığı halda M.Şahtaxtlının mövqeyi eyni olmamış, o, şəxsi-qərəzlik mövqeyi tutaraq etik qaydalardan belə kənara çıxmışdır. [21]

Ə.Topçubaşov “Bakıda tatar dilində qəzet” məqaləsində yazır ki, onlar əvvələcə “Şərqi-Rus”un nəşrinə çox seviniblər: “Çox təəssüf ki, müsəlman oxucularını əksəriyyəti kimi biz də tezliklə cənab Şahtaxtnskinin nəşrinin ümidləri doğrultmadığını gördük və fikrimizi mətubat vasitəsilə çatdırdıq. Qəzetin seçdiyi istiqamətin hələ ilk addımlardan həm yerli həyat faktlarını işıqlandırmaq, həm də müsəlman cəmiyyətinin düşünən hissəsinin ictimai-siyasi ideallarına uyğunsuzluq qüsurlarına diqqət çəkdik”. [22] Əslində M.Şahtaxtlı da qəzet vasitəsilə səhvlərini etiraf edir, ümummilli maraqlar baxımından şəxsi iddia və prinsiplərindən çəkilməyi məqbul saymışdı. [23] Hətta “Şərqi-Rus”un Bakıda fəlaiyyət göstərməsi barədə razılığa gəlinsə də, bu baş tutmamışdır. Prof. Şirməmməd Hüseynov bu məsələ ilə bağlı çox doğru nəticəyə gəlmişdir: ““Şərqi-Rus” İ.Qaspıralını, Ə.Topçu­başovu, H.Zərdabini ifşa edirdi. Onlar da onu tənqid atəşinə tuturdular. Amma bu, şəxsi vuruş deyildi, ideya vuruşu idi”. [24]

Həmin dövrdə  Məmməd Tağı Sidqi, Firidun bəy Köçərli və başqa aydınlar isə bu qarşıdurmaya qarşı çıxaraq bunu, millətin birliyinə və inkişafına zərər hesab edirdilər.[25] Bu məsələdə mötədil mövqe tutmağa çalışan M.T.Sidqi “Təəssüf və yenə də təəssüf” məqaləsində yazırdı ki, dostların islahı və millətin səlahı üçün bu məsələyə öz münasibətini bildirməyə məcbur olmuşdur. O, bu yazısında üzünü Şahtaxtlıya, Topçubaşıya və Ağaoğluna tutaraq deyirdi ki, onların millət naminə fikirlərini uzlaşdırmaları daha çox vacibdir, nəinki qəzet sütunlarında bir-birlərini ifrat şəkildə tənqid etmələri. [26]

Əlbəttə, Şahtaxtlının dinlə bağlı söylədiyi sərt fikirlər dövrün ab-havasını əks etdirir və onun ifrat qərbçilik fonunda İslama dair yürüt­düyü mübahisəli mülahizələrlə razılaşmaq mümkün deyildi. Bizcə, ifrat dərcədə qərbpərəstliyin, ruspərəstliyin nəticəsi idi ki, Şahtaxtlı 1917-ci il 17 oktyabr manifestini mədəni-tarixi hadisə kimi qiymətləndirmiş, bu manifestin verilməsində Rusiya müsəlmanlarının heç bir iştirakı olmadığını, Rusiya dövlətinin ən yüksək ictimai və siyasi hüquqlarnı onlara alicənablıqla əta etdiyini yazmışdır.[27] Ona görə, müsəlmanlar dünyagörüşlərini islah etməsələr bu azadlıqlar onlara xeyir əvəzinə ziyan gətirəcək. O yazırdı ki, Konstitutsiya Avropa xalqlarının siyasi-sosial idealını gerçəkləşdirmək vasitəsidir, Rusiya müsəlmanları isə bu ideala hələ yiyələnməmişdir. [28]

 

[1] Yenə orada, s.121

[2] Yenə orada, s.121

[3] Yenə orada, s.122

[4] Yenə orada, s.123

[5] Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə II cild). Bakı, «Elm və təhsil», 2011, s.232

[6] Şahtaxtlı Məhəmmədağa. Seçilmiş əsərləri. Bakı: «Çaşıoğlu», 2006, s.107

[7] Yenə orada, s.105-106

[8] Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə 1 cild). Bakı, «Elm və təhsil», 2010, s.57

[9] Yenə orada, s.58

[10] Şahtaxtlı Məhəmmədağa. Seçilmiş əsərləri. Bakı: «Çaşıoğlu», 2006, s.103-106

[11] Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə 1 cild). Bakı, «Elm və təhsil», 2010,  s.237

[12] Yenə orada, s.238

[13] Yenə orada,  s.432

[14] Yenə orada,  s.433

[15] Hüseynov Şirməmməd. Mətbu irsimizdən səhifələr. Bakı, «Çənlibel» NPM, 2007,  s.327

[16] Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə I cild). Bakı, «Elm və təhsil», 2010,  s.433

[17]Yenə orada,  s.434

[18] Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə II cild). Bakı, «Elm və təhsil», 2011, s.227

[19] Yenə orada, s.227

[20] Yenə orada, s.230

[21] Yenə orada, s.228-229

[22] Yenə orada, s.234

[23] Yenə orada, s.234

[24] Hüseynov Şirməmməd. Mətbu irsimizdən səhifələr. Bakı, «Çənlibel» NPM, 2007,  s.328

[25] Azərbaycan mətbuat tarixi antologiyası (2 cilddə 1 cild). Bakı, «Elm və təhsil», 2010,  s.305

[26] Sidqi Məmməd Tağı. Əsərləri. Bakı, Çaşıoğlu, 2004, s.172-178

[27] Şahtaxtlı Məhəmmədağa. Seçilmiş əsərləri. Bakı: «Çaşıoğlu», 2006, s.213

[28] Yenə orada, s.214

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur