MƏNİM ÜÇ MUŞKETYORUM: BODLER, NİTŞE VƏ ŞİRVANİ
Bu üç şəxsi birləşdirən üç cəhət var: üçü də 19-cu əsrdə yaşayıb, üçü də dinə qarşı olub və üçü də eyni ədəbi priyomdan istifadə ediblər.
Şarl Bodler : “Şeytanın duaları”.
Fridrix Nitçe : “ Allah öldü”.
Seyid Əzim Şirvani : “Allaha rüşvət”.
Məşhur fransız şairi Şarl Bodlerin “Şeytanın duaları” (“Les Litanies de Satan”) şeiri öz dövrü üçün qəribə yanaşmadır. “Şeytan” və “dua” bir-birinə əks sözlərdir. “Dua” allahla paralellik təşkil edən litandır. Şair burada qəsdən şeytanı tərifləyir, dualarını eşitdirir, onu danışdırır, şeytanı allahlaşdırır, onu allah tərəfindən qovulan mələk adlandırlr. Çünki tarix boyu şeytan lənətlənib, susub, alçaldılıb, allahın və insanların düşməni elan edilib. Şeirdə Bodler şeytanın əzablarını, şikayətlərini dilə gətirir və allahı décrier(fr. bədnam, rüsvay etmək) edir. Allahı gözdən salmaq üçün dinə, allaha məxsus “dua” sözünü şeytanın yanına qoyur. Bu cür mənəvi ritual olan “dua” sözünün şeytan sözünün yanına transferi hakim düşüncənin tərsinə çevrilməsidir. Şair deyir ki, ancaq keşiş dua edər? Ancaq allaha dua edərlər? Bax, gəl mənim şeytanımın dualarını eşit, əzablarını gör. Halbuki şeytan dua etməz. Dua çəkdiyi əzaba görə yalvarmaqdır; dua şikayətlənməkdir; dua danışmaqdır. Məhz tarix boyu şeytana danışmağa izn verməyiblər. Və Bodler “Şeytanın duaları” şeiri ilə bizə unudulmuş, qovulmuş, sevilməyən allahın -şeytanın ürək sözlərini danışır. Allahı şeytanla əvəzləyir, dua kimi mənəvi, əxlaqi ritualı şeytanın ayağına yazır. Bu ədəbi priyom allahı, dini défaire (fr. dağıtmaq, pozmaq) etməkdir. Bir hicablı xanımın yanında fahişənin oturması fahişə üçün təhqirdir, yoxsa hicablı xanım üçün? Əlbəttə, hicablı xanım üçün. Bodler də dua kimi mənəvi yönü təmsil edən hicablı xanımın yanına şeytan kimi maddiliyi təmsil edən fahişəni qoyur. Yəni əxlaqa qarşı əxlaqsızlıq. Əxlaqsızlıq həmişə əxlaqı gözdən salmaq üçündür. Bodlerə görə, şər, əxlaqsızlıq insan təbiətinə xas bir şeydir və daxilində olanları pisləmək insanı insanlıqdan çıxarır. Əxlaq qıraqdan gələn bir şeydir, əxlaqsızlıq isə içimizdə olan. Bodler düşünür ki, insan yaradılışında olan bir şeyi pisləməməlidir. Dua allaha məxsus dini kəlmədir, bu duanı şeytana aid etməklə Bodler mövcud mentalitetə protiv düşüncə qoyur, mövcud mədəniyyətdə hakim olan düşüncəni tərsinə çevirir. Altda olan şeytan üstə çıxır və beləliklə, allah aşağı düşür. Şeytan və dua -necə də qəribə səslənir…Bu qəribəliyin adı düşüncənin tərsinə çevrilməsidir.
Alman filosofu Nitçe də həmin ədəbi priyomdan istifadə edib. “Allah öldü. (Gott ist tot) Onu biz öldürdük”. Diqqət edin: allah ölümsüzdür, ümumiyyətlə, allahlar ölümsüzdür. Allahlar ölmür, əbədidir. Necə yəni allah ölə bilər? Məhz Nitçenin dahiliyi bundadır: ölümsüz olan allaha insana aid olan ölüm sözünü transfer etməsi. Ölümsüzlüyə ölüm maskası geyindirməsi. Yəni insana aid olan ölümü allaha məxsus ölümsüzlüyə köçürməklə allahı öldürmək. Axı ölüm xaotikdir, dağıdıcıdır, yox olmaqdır və Nitçe bu üsulla nizamı, əbədi və ölümsüz olanı məhv etmək istəyir. Apollona qarşı Dionisosu qoymaq. Çünki yaradıcılıq xaosdadır, nizamda deyil. Allah nizamı, Apollonu təmsil edir. Dionisos isə xaosu. Allah və ölüm bir-birinə zidd sözlərdir. Allah kimi uca, müqəddəs və əbədi olan bir varlığı ölüm kimi alçaq, qeyri-əxlaqi və fani olan bir paltar geyindirmək filosofun allaha ilk və son zərbəsi idi. “Allah öldü”- bu allahın ölümü, insanın isə doğuluşu idi.
Azərbaycanlı şair Seyid Əzim Şirvaninin unutdurulan və kitablardan çıxardılan “Allaha rüşvət” şeiri böyük ustaların ədəbi taktikalarına sübutdur. Mənim üçüncü döyüşçüm S.Ə. Şirvani bu şeirində yağış yağması üçün allaha heyvan qurban edən kəndlilərdən bəhs edir. Yəni “allah, sənə rüşvət verirəm, sən də yağış yağdır, mənim bu quru torpağımın problemini həll et”. Burada da həmin priyomdur. Allah uca, müqəddəs varlıq, qeyri-insanidir. Rüşvət isə qeyri-qanuni, əxlaqsızlıq və insana məxsus əməldir. İnsana aid olan pis hərəkətin allaha şamil edilməsidir. Bu hücum kreativlik və dəyişilməz döyüş taktikasıdır. Rəqibə ona aid olmayan keyfiyyəti aid etmək. Allah kimi yüksək varlıqla ən aşağı insani zəifliyi müqayisə etmək, yanaşı qoymaq. Şair demək istəyir ki, əslində rüşvət insanın insana verməsidir, insan təbiətinə xasdır. Bəs bu rüşvəti allaha versək necə olar? Müsəlmanların allah üçün kəsdiyi qurbanlar bəyəm rüşvət deyilmi? Əvvəl insanları qurban edirdilər, sonra isə heyvanları. Səbəb isə, allah yaxud allahlar torpağı bərəkətli etsin, günəş və yağış olsun, məhsul bol olsun, quraqlıq və daşqın olmasın. İnsanın təbiət qarşısındakı acizliyi allaha hədiyyə adı altında rüşvət verməklə öz rifahını təmin etmək olub.
ŞvartsMan bu üç muşketyora qoşulmuş dördüncü muşketyor Dartanyandır. “Masturbasiya və Allahın varlığı eyni məqsədə xidmət edir: insanı tənhalıq qorxusundan xilas etmək”(ŞvartsMan). Taktika eynidir: insana aid olan seksual xarakterli masturbasiya ilə ilahi varlığı təmsil edən aseksual tanrını eyniləşdirmək. Masturbasiya əxlaqsız, allah isə əxlaqlıdır. Əxlaq və əxlaqsızlığı bərabərləşdirmək. Gənc yazıçı burada masturbasiya kimi seksual aktı aşağı səviyyəli, əxlaqsız kimi görən allahçılara, dinçilərə göstərir ki, masturbasiya (maddi, irrasional) və allah (mənəvi, rasional) anlayışları bir-birlərinə zidd olsa da, eyni məqsədə xidmət edirlər.Masturbasiya nədir? Siz təksiz və xəyalınızda birini canlandıraraq həzz almaq və tənha olduğunuzu unutmaq istəyirsiz. Allah nədir? Dünyada təksiz və qorxursuz. Birini beyninizdə canlandıraraq onun sizi qoruyacağını düşünməkdir. Masturbasiya tənhalıq qorxusundan yaranan həzzdir, allah isə tənhalıqdan yaranan qorxudur. Azərbaycan ədəbiyyatında heç kim heç vaxt masturbasiya ilə allahı müqayisə etməyib və ortaq cəhəti tuta bilməyib. Bu böyük ustaların bilinməyən taktikasıdır. Bu gün müasir dünyamızda bir insanı gözdən salmaq, nüfuzunu zədələmək üçün porno videosunu yayırlar, keçmiş də də allahın pornosunu belə taktikalar ilə yayırdılar. Allahın yanına şeytanı, ölümü, rüşvəti, masturbasiyanı qoymaqla onu nüfuzdan salmaq kaputt (alm. sındırmaq, məğlub etmək) etməkdir.
ŞvartsManın “İyrənc” hekayəsində Tamerlanın hicablı xanıma əxlaqsız təklif etmək istəyini beynindən keçirməsi də bu yuxarıda adlarını çəkdiyim ustaların təcrübəsindən faydalanmaqdır. Hicablı xanıma (əxlaq) seks təklifi (əxlaqsız) döyüş taktikasıdır. Əxlaqlı bir şeyə əxlaqsızlıq etməklə yazıçı oxucunun daxilindəki əxlaq dirəyini sındırmaq istəyir. Çünki əxlaq yaradılışımızda olan bir şey deyil, cəmiyyətin bizə inandırdığı davranış normasıdır. Əxlaqsızlıq isə bizim naturamızda var. İnsanların əxlaqsız adlandırdığı şeylər seksual motivli hadisə və ya şəxslərdir. Seksuallıq, yəni sizin əxlaqsız adlandırdığınız şey olmasaydı, bu gün insan irqi mövcud olmazdı.
Sonda Paulo Kuelyonun “11 dəqiqə” kitabından danışmaq istəyirəm. “Mariya adlı fahişə gecə küçə ilə gedirdi. Gördü ki, kilsənin qapısı bağlıdır, işıqları sönüb. Bir az getdikdən sonra fahişəxananı gördü. İşıqlar yanır, səs-küylüdür və işləyir. Allahın evi bağlıdır, Şeytanın evi açıq. Allah yatanda şeytan işləyir”.
Nitçe deyirdi ki,” şeytan allahın yeddinci gün istirahətidir”. Yəni allah dünyanı 6 günə yaratdı və qərar verdi ki, istirahət etsin. Allah bizim işimiz, şeytan isə istirahətimizdir.
Bugünün ədəbi priyomları belədir: allahı tənqid etmə, şeytanı təriflə. Əxlaqa qarşı çıxma, əxlaqsızlığı yay. Ölümü müqəddəsləşdirmə, həyatı seç. Evliliyi pisləmə, subaylığı yaxşı göstər.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur